Azərbaycan-Fransız Universiteti (UFAZ) 2022/2023-cü tədris ili üçün magistraturaya keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, Böyük məlumat və Süni intellekt proqramına 21, Fizika, Kimya və Kimya mühəndisliyinə 21, Yer Elmləri proqramına isə 19 tələbə qəbul olunub.
Bu il qəbul olunan tələbələr arasında bir əcnəbi tələbə də var.
UFAZ-a qəbul imtahanında iştirak etmiş, lakin uğur qazana bilməyən namizədlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballardan asılı olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), eləcə də digər ali məktəblərin təklif etdiyi müvafiq ixtisaslara müraciət etmək imkanına malik olacaqlar.
Qəbul edilən bütün tələbələr UFAZ-da dövlət əsaslı təhsil alacaqlar. UFAZ-ın magistr tələbələri məzun olduqdan sonra ADNSU-nun, eləcə də Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu alacaqlar.
Qeyd edək ki, magistratura proqramı yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərdən ibarət beynəlxalq akademik heyət tərəfindən aparılır.