Logo

Azərbaycan təhsil işçiləri təcrübə proqramında iştirak ediblər - FOTO

05.07.2022 20:19 251 baxış
IMG

İyunun 25-dən iyulun 2-dək “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı” baş tutub. Proqram Estoniyanın Karyera Təhsil Akademiyası və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə reallaşıb. Proqramda bir qrup azərbaycanlı təhsil işçisi və məktəb direktoru iştirak ediblər.

Tehsil.biz "AZƏRTAC"a istinadən xəbər verir ki, təhsil səfəri çərçivəsində nümayəndə heyəti Estoniyadan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış, Azərbaycandan Cəfər Mənsiminin müşayiəti ilə Estoniya və Finlandiyanın tanınmış orta və ali təhsil müəssisələrini ziyarət edərək müxtəlif təlimlərdə iştirak ediblər.

Tallinn Universitetinin müəllimi Sevda Özden “Tədris mühitinin təşkili”, Estoniyanın PISA üzrə koordinatoru, Tallinn Universitetinin müəllimi İmbi Henno “Estoniyanın PISA təcrübəsi”, Finlandiya Təhsil Nazirliyinin Helsinki Təhsil Departamentinin layihə rəhbəri İmeli Vanska Katri və məktəbin meneceri Kietavainen Siren Hanna “Finlandiyanın uğur tərcrübəsi”, Helsinki Universitetinin Təhsil elmləri fakültəsinin dekan müavini professor Arto Kallioinemi “Finlandiyada müəllim hazırlığı”, Estoniya Təhsil Nazirliyinin Təhsil və gənclər departamentinin şöbə müdirləri Eva Toome və Einad Rull “Tədrisdə qiymətləndirmə”, Tallinn Şəhər Təhsil İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kadri Aausmaa “Təhsildə strateji yanaşmalar”, təhsil mütəxəssisi Ruth Jaamasalu “Valideynlərlə səmərəli iş”, yazıçı, müəllim Ketri Kivirüüt “Yeni nəsil üçün təhsil”, pedaqoq Katri Lət Şəhmərdan “Finlandiya mədəniyyəti”, Yelena Parfyonova “Təhsildə psixoloji mühit” mövzusunda təqdimatla çıxış ediblər. Onlar Azərbaycandan gələn ilk nümayəndə heyətini qarşıladıqlarını xüsusi vurğulayaraq qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd ediblər.

Proqram iştirakçıları Helsinki, Tartu, Tallinn universitetlərində, o cümlədən Finlandiyanın Jatkasaari, Estoniyanın Tallinn şəhər Laanemere Gimnaziyası, Tartu şəhər A.Puşkin adına məktəb, Vivere inklüziv məktəblə tanış olaraq rəhbərliklə görüşüblər. Görüşlərdə məktəblərdə tədrisin təşkili, məktəbin səmərəli idarə olunması, istedadlı uşaqlarla iş, valideynlərlə əməkdaşlıq, məktəb mühitinin təşkili, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.

Təcrübə mübadiləsinin səmərəli keçdiyini bildirən təhsil işçiləri görüşlərdə mədəniyyəti təbliğ edən müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan kəlağayısı hədiyyə ediblər.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti