Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilən PISA 2022 qiymətləndirmə tədqiqatının əsas mərhələsi yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, Bakı üzrə 178 ümumtəhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 7912 şagird qiymətləndirmədə iştirak edib. İştirakçıların 47%-i qız, 53%-i oğlan olub. PISA-da 15 yaşlılar iştirak etdiyi üçün bu şagirdlər müxtəlif sinifləri təmsil ediblər. Azərbaycanda VII, VIII, IX, X və XI siniflərdən müvafiq olaraq, 0,2%, 2,5%, 30,8%, 66,3% və 0,2% şagird tədqiqatda iştirak edib. Göründüyü kimi, 95%-dən çox şagird IX və X sinif şagirdləridir.
Qeyd edək ki, qiymətləndirmə tədqiqatı Bakı şəhərinin 220, 32, 291, 56 və 129 nömrəli məktəblərində yaradılan imtahan mərkəzlərində həyata keçirilib. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.
PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşüncə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.