Respublikanın ümumi təhsil müəssisələri abituriyentlərinin II mərhələdə imtahan fənləri üzrə cavablarının statistik təhlili göstərir ki, əksər fənlər üzrə üstünlük lisey tipli təhsil müəssisələri məzunlarının tərəfindədir. Azərbaycan bölməsində ana dili, ədəbiyyat və coğrafiya fənləri üzrə Bakı Türk Liseyinin (təsisçi Türkiyə Dəyanət Vəqfi), riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın, tarix fənni üzrə isə akademik Zərifə Əliyeva adına liseyin məzunları üstün olub. Rus bölməsində ana dili və ədəbiyyat fənləri üzrə Bakı şəhəri 286 saylı tam orta məktəbin, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə akademik Zərifə Əliyeva adına liseyin məzunlarının göstəriciləri daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, Biləsuvar rayonu Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksin məzunlarının nəticələrini xüsusilə qeyd etmək lazımdır. Bu təhsil müəssisəsini təmsil edən orta statistik abituriyentin qəbul imtahanında topladığı bal 509.269-a bərabərdir. Bu liseyin məzunlarının 91.43 faizi (32 nəfər) respublikanın ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 22 nəfəri (məzunların 62.86 faizi) 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplayıb. Bu təhsil müəssisəsinin təcrübəsindən yararlanmaq və bu cür təhsil müəssisələrinin sayını tədricən artırmaq lazımdır.
Akademik Zərifə Əliyeva adına liseyin məzunlarının nəticələrini xüsusilə qeyd etmək lazımdır. Çoxsaylı məzun kontingentinin (165 nəfər) olmasına baxmayaraq, liseyi təmsil edən orta statistik abituriyentin qəbul imtahanında topladığı bal 526.618-ə bərabərdir. Bu liseyin məzunlarının yarıdan çoxu (65.45 faizi) 500-dən, 58 nəfəri isə 600-dən çox bal toplayıb, 153 məzun respublikanın ali təhsil müəssisələrinə qəbul olub.
Son illər ən yüksək nəticələrdən birini Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya göstərir. Ötən il gimnaziyanın 49 məzunundan 45-i 500-dən, o cümlədən 32-si 600-dən yuxarı bal toplayıb. Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr də təqdirəlayiqdir. Bu liseyin 51 məzunundan 30-u 500-dən, o cümlədən 15-i 600-dən yuxarı bal toplayıb. Bundan başqa, məzunları ilbəil stabil olaraq yüksək nəticələr nümayiş etdirən təhsil müəssisələrindən Sumqayıt “İstedad” liseyinin, Bakı şəhərində yerləşən BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin, 160 saylı klassik gimnaziyanın məzunlarının uğurları qeyd olunmalıdır.
Kənd rayonlarının bəzi məktəblərinin məzunları da bir neçə fənn üzrə yaxşı nəticə göstərib. Məsələn, Şəki rayonu Köndələn kənd tam orta məktəbi ana dili fənni üzrə, Z.Abbasov adına Şəmkir rayonu Dəllər qəsəbə orta məktəbi ana dili fənni üzrə, İsmayıllı rayonu 3 saylı şəhər tam orta məktəbi ədəbiyyat fənni üzrə, İsmayıllı rayonu 5 saylı şəhər tam orta məktəbi ədəbiyyat və tarix fənləri üzrə yaxşı nəticə göstərib. Masallı rayonu Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi fizika və kimya fənləri üzrə, akademik Zərifə Əliyeva adına Bərdə rayonu Texniki təmayüllü məktəb-lisey biologiya fənni üzrə, Lənkəran rayonu 6 saylı şəhər tam orta məktəbi və 10 saylı şəhər tam orta məktəbi biologiya fənni üzrə, Şəki rayonu 18 saylı şəhər tam orta məktəbi biologiya fənni üzrə, Tovuz rayonu Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbi tarix fənni üzrə, Masallı rayonu 4 saylı Digah tam orta məktəbi tarix fənni üzrə, Quba rayonu Quba Texniki Təmayüllü liseyi tarix fənni üzrə, Cəlilabad rayonu Günəşli kənd 2 saylı tam orta məktəbi coğrafiya fənni üzrə yüksək nəticələr göstərib.