Logo

BMU-da yaz semestrinin imtahan sessiyası yekunlaşıb

06.07.2022 15:47 120 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.

Tehsil.biz xəbər verir ki, iyunun 1-dən başlayan və iyulun 5-dək davam edən imtahan sessiyasında ümumilikdə 1100 imtahan keçirilib. Sessiya müddətində imtahanların tam şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə lazımi inzibati və texniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib.

İmtahan prosesi BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla, universitet rəhbərliyi tərəfindən hər gün diqqət mərkəzində saxlanılıb, eyni zamanda tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndirilməsinin təmin olunması üçün imtahanların gedişinə ciddi nəzarət edilib. İmtahan nəticələri imtahan keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə yerləşdirilib.

Bundan əlavə, imtahan sessiyasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılması məqsədilə Apellyasiya komissiyası təşkil edilib. Nəticələrdən narazı qalan tələbələrin imtahan bitdikdən sonra ərizə ilə komissiyaya maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb. Məlumat üçün bildirək ki, sessiya ərzində komissiyaya cəmi 412 müraciət daxil olub.

Ümumilikdə müraciətlərin tələbələrin lehinə həll olunması istiqamətində qərarlar verilib. Belə ki, komissiyanın qərarına əsasən müraciətlərdən 167-si müsbət həllini tapıb. 245 müraciət üzrə isə tələbələrin imtahan nəticələrinə müəyyən ballar əlavə edilib. Bu dəyişikliyin 91-i texniki səhvlərin aradan qaldırılması, 79-u isə tələbələrin cavab kağızında  onların  lehinə müəyyən nüansların olması əsas götürülməsi ilə əlaqədar olub.

Bütövlükdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, qərəzsizliyin və obyektivliyin qorunduğu imtahan sessiyası yüksək fəallıq şəraitində baş tutub və uğurla yekunlaşıb.

Xəbər lenti