Logo

Ermənistandakı tarixi-mədəni irsimizin məhvi: məqsədləri, mərhələləri, üsulları, nəticələri və UNESCO-nun mövqeyi

06.07.2022 18:43 360 baxış
IMG

Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında minilliklər boyu yaşamış azərbaycanlılar zaman-zaman buradan vəhşicəsinə qovulub, milli-mənəvi irsimiz, tarixi-memarlıq abidələrimiz məhv edilib və bu gün də bu barbar fəaliyyət davam etdirilir. Həmin siyasətin nəticəsində Ermənistan azərbaycanlıların artıq yaşamadığı monoetnik ərazidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər professor, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlının “Ermənistandakı tarixi-mədəni irsimizin məhvi: məqsədləri, mərhələləri, üsulları, nəticələri və UNESCO-nun mövqeyi” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Məqsəd nədir?

Ermənistan hakimiyyəti indi tarixi keçmişi, olan-qalan izləri silməklə məşğuldur. Belə fəaliyyətdə başlıca məqsəd ərazinin tarixi, etnomədəni mənsubiyyətini itirmək və Ermənistanı erməniləşdirməkdir.

Məhvetmənin mərhələləri və üsulları

Bu məhvetmə prosesi bir neçə mərhələdə baş verib və müxtəlif üsullarla həyata keçirilib. İlk mərhələ ermənilərin çar Rusiyası tərəfindən azərbaycanlılara məxsus torpaqlara köçürülüb yerəşdirilməsindən 1918-ci ilədək davam edib. Bu mərhələdə dövlətləri olmadığı üçün erməni terror-siyasi təşkilatları qarışıq zamanlarda azərbaycanlılara məxsus tarixi abidələri, məscidləri, mədrəsələri dağıdıblar, yandırıblar. İkinci mərhələ 1918-1920-ci illəri əhatə edir. Bu mərhələdə tarixi Azərbaycan torpağında Daşnak Ermənistanı yaradılandan sonra tarix və mədəniyyət abidələrinin dağıdılması dövlət siyasətinə çevrilib. Yerli əhali olan azərbaycanlılar zorakılıqla yaşayış yerlərindən qovulub, sonra tarixi abidələri, qəbiristanlıqları, dini inanc yerləri dağıdılıb. Üçüncü mərhələ 1920-1991-ci illəri əhatə edir. Bu mərhələdə Ermənistanda hakimiyyətə gələn bolşeviklər daşnak siyasətini davam etdiriblər. Ermənistan SSR-də azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrinin məhvi bir neçə üsulla həyata keçirilib: həmin tarix və mədəniyyət abidələrinin bərpasından ötrü Ermənistan SSR-in dövlət büdcəsindən vəsaitlər ayrılmayıb və baxımsızlıqdan dağılıb, xarici ölkələrdən ermənilərin gətirilərək yerləşdirilməsindən ötrü azərbaycanlılar deportasiya ediliblər. Gəlmə ermənilər gəldikləri ərazilərdə onlara məxsus olmayan tarix və mədəniyyət abidələrini dağıdıblar. Azərbaycanlılara məxsus yaşayış yerlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarları ilə dəyişdirilib. Dördüncü mərhələ 1991-ci ildən sonradır. Bu mərhələdə Ermənistan Respublikası həm daşnak Ermənistanın, həm də Ermənistan SSR-in barbar siyasətini davam etdirib. Həmin siyasət bir neçə üsulla həyata keçirilib. Onlardan biri siyasi məqsədlər naminə Göy məscidin fars məscidi kimi təqdim edilməsidir. Amma məlumdur ki, İslam dinində məscid ümmətindir və etnik mənsubiyyətlə müəyyənləşdirilmir. Məscidi Azərbaycan hökmdarları tikdirib. İkincisi, Ermənistan hakimiyyəti yeni tikinti işlərinin aparılması adı altında azərbaycanlıların əsasını qoyduğu İrəvanın tarixi hissəsini, o cümlədən onların yaşadıqları Təpəbaşıdakı tarix və memarlıq abidələrini dağıdır. Görülən işlərin yeni şəhərsalma ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd edildiyi kimi, başlıca məqsəd ərazinin azərbaycanlılara məxsus olduğunu göstərən tarixi, etnomədəni izlərini itirib süni surətdə erməniləşdirməkdir.

UNESCO haraya baxır?

Belə bir sual yaranır: Ermənistanda azərbaycanlılara məxsus olan tarix və mədəniyyət abidələrinin məhv edilməsi təkcə Azərbaycanı deyil, bütün mədəni dünyanı narahat etməlidirmi? Cavab aydındır: bəli! Çünki Ermənistan hakimiyyətinin törətdikləri siyasi və hüquqi məsuliyyət yaradır. Beynəlxalq konvensiyaları pozan Ermənistanın siyasəti tarixi-memarlıq irsə qarşı vəhşiliyin nümunəsi olduğundan siyasi və hüquqi qiymətini də almalıdır. Ancaq gerçək vəziyyət necədir? Gerçəklik odur ki, dünya mədəniyyəti yaradan Azərbaycan xalqının tarixi irsi UNESCO-nun gözü qarşısında dağıdılır. UNESCO isə susur, qulaqları kar, dili lal, gözləri kordur. Təşkilatın belə davranışını Ermənistanın işğalı altında olmuş ərazilərimizdə dağıdılmış abidələrimizə münasibətdə artıq görmüşük. Deməli, UNESCO kimsəyə dərs vermək üçün mənəvi haqqını itirib. Əslində ermənilərin dağıtdığı abidələrə biganə qaldıqca bu təşkilat da özünü mədəni dünyanın gözündə dağıdır və qəbirə qoyur.

Xəbər lenti