Yanvarın 19-da ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə əmrinə əsasən keçirilən onlayn dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən, ulu öndər Heydər Əliyevin həmin tarixi dönəmə verdiyi siyasi qiymətdən, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə dövlətimizin qayğısından bəhs olunub. Qeyd edilib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız düşməndən azad edilib, onların başladığı mübarizə yolu tam qələbə ilə başa çatıb.
Həmçinin Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub, seminar və mühazirələr keçirilib.
“20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri