1990-cı ilin 20 Yanvar faciəsindən 31 il keçir. Azərbaycan Respublikasında 20 Yanvar-Ümumxalq Hüzn Günüdür. Hazırda respublikamızda və dünyanın bir çox xarici ölkələrində 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər,o cümlədən anım mərasimləri,dəyirmi masalar,konfranslar,seminarlar və bu qəbildən olan digər tədbirlər həyata keçirilir. Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş vebinar keçirilib. Qeyd edək ki, BSU-da keçirilən vebinarla yanaşı, şəhidlərin xatirəsinə həsr olunmuş kitab sərgisi də təşkil edilib.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun prorektorlarının, dekan müavinlərinin və digər müvafiq struktur bölmələrinin məsul şəxslərinin və tələbələrin iştirak etdikləri vebinarı giriş sözü ilə açan universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bildirib ki, 31 il bundan öncə sovet imperiyası Azərbaycanda qanlı bir cinayət törətdi. Öz ərazi bütövlüyü, azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı sovet ordusu tərəfindən böyük hərbi cinayət törədildi. Məqsəd xalqımızın azadlıq uğrunda mübarizəsini dayandırmaq, onun ruhunu, iradəsini məhv etmək idi. Lakin yenilməz və mətin xalqımız öz azadlığı uğrunda mübarizəni daha inamla,qətiyyətlə davam etdirdi və istiqlalına qovuşdu. 20 Yanvar xalqımızın XX əsr tarixinin həm faciə,həm də qəhrəmanlıq səhifəsidir. Eyni zamanda 20 Yanvar xalqımızın müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsidir. Dünya ictimaiyyətinə ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı xalqımızın vətənpərvər oğlu, ümummilli liderimiz Heydər Əliyev məlumat vermişdir.
Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, 20 Yanvar faciəsinə yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasından sonra siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə igid,cəsur, rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində böyük tarixi Qələbə qazandı və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Biz bütün dünyaya qəhrəman xalq və qalib dövlət olduğumuzu sübut etdik. Xalqımız bu gün Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin sevincini yaşayır.
Rektor Nurlana Əliyeva çıxışında bildirib ki, BSU-nun Birinci Qarabağ müharibəsində 7 şəhidi, 2016-cı ilin Aprel döyüşlərində 1 şəhidi olub. Vətən müharibəsində isə BSU-nun 3 məzunu şəhid olub. Qədirbilən xalqımız şəhidlərimizin xatirəsini əziz tutur, onların ailələri dövlət qayğısı ilə əhatə olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
BSU-nun Tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova, Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Elmi-Tədqiqat Layihələri Laborotoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri,dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev, həmin fakültənin Tərbiyə işləri üzrə dekan müavini, dosent Lalə Mikayılzadə, Pedaqoji fakültənin Tərbiyə işləri üzrə dekan müavini, dosent əvəzi Saraxanım Rəhmanova və başqaları çıxış edərək belə tədbirlərin tələbə-gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət təsir etdiyini vurğulayaraq onlara tariximizi dərindən öyrənməyi, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli olmağı tövsiyə ediblər.
Vebinarın sonunda Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin II tədris ili tələbəsi Şəfəq Aslanova Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından bir parçanı səsləndirib.