Logo

Ramil Əhməd: “Ciddi şairin kitabının çox satılması yadıma gəlmir” – Müsahibə

09.07.2022 20:31 391 baxış
IMG

Kulis.az şair, esseist Ramil Əhmədlə müsahibəni təqdim edir.

– Yeni kitabın necə qarşılandı?

– Hələki bunu demək bir az tezdi. Oxuyub rəy verənlər, təəssüratını bildirənlər var. Gənc ədəbiyyatşünas Nizami Bayramlı kitab haqqında qısa müddətdə bir esse yazdı. Sosial şəbəkələrdə paylaşıb fikirlərini yazanlar olur. Daha çox kitabın adı diqqət çəkib. Bu barədə daha çox sual verirlər.

– “Abşeron yarımadamı” adı hardan gəlir?

– Kitabın içindəki şeirlərdən birinin adıdır. Abşeronu və yarımadamı vurğulamağım təsadüfi deyil və bu ad kitabın içindəki şeirlərlə bütünlük təşkil edir. Qısacası, şair mənanı yaradan adamdır, onu izah edən tərəf deyil

– Şeir kitabları az satılır. Bizim ölkəmizdə isə, ümumiyyətlə, oxucular şeir kitablarını almaq istəmirlər. Belə bir vəziyyətdə şairlərin kitab çıxarması nə dərəcədə aktual ola bilər?

– Dünya ədəbiyyatında da şeir kitablarının çox satışı nadir hallarda olub. O şairlərin kitabları çox satılır ki, onlar musiqiçi olublar, repçi olublar. Və dinləyiciləri üçün o kitablar rezonans doğurub. Bizim ədəbiyyat tariximizdə isə ciddi bir şairin şeir kitabının çox satılması yadıma gəlmir. Mən xatırlamıram. Ancaq bu o demək deyil ki, biz dayanmalıyıq, yazmamalıyıq. Adamlara deyəndə ki, şeir yazıram, ikinci sualı verirlər ki, bəs hekayə, roman yazmırsan? Artıq oxucular şeiri bir janr kimi qiymətləndirmirlər. Mən isə elə düşünmürəm. Dünyanın çox böyük romançıları belə etiraf edir ki, əgər onlarda şeir yazmaq alınsaydı, romanlar yazmazdılar.

– Fərdlərin təkliyi, tənhalığı böyük bir mitizm yaradıb. Poeziya bu gün bu nihilis auranı dəyişmək gücündədirmi?

– Dəyişməsə belə fərqindəlik yarada bilər. Bizim həyatımızda çox həssas, şeirsəl anlar olur. Amma müəyyən bilinən səbəblərdən biz onların fərqinə varmırıq. Sürətli həyat bizə imkan vermir ki, biz o anları görək. Ədəbiyyatın, sənətin gücü ondadır ki, həmin anlara fokuslandıra bilir, yaşamı sənətin eynəyi ilə göstərir, onun estetikləşdirir. Bilmirəm şeirlərim insanlara nə qədər təsir edə bilər, onları necə dəyişə bilər, lakin inanıram ki, onlarda fərqindəlik yarada bilir. Yaşamın fərqinə varmadan, mexaniki, robotlaşmış şəkildə hadisələri, dünyanı qavramaq dəhşətli bir şeydir. Zaman keçdikcə biz daha çox ona doğru gedirik...

– Tez-tez klassik şairləri tənqid edirlər. Yeni nəsillər həmişə köhnə nəsilləri hansısa səbəblərə görə qınayır. Bu nə ilə bağlıdır? Sənin tənqid etdiyin bir klassik olubmu? Və hansı şairlərdən təsirlənmisən?

– Hər zaman şeir yazanlar çox olub, şairlər isə az. Düşünürəm ki, hər bir şeirin əsası və ənənəsi var. Qəbul etsələr də, etməsələr də, hər bir əlinə yeni qələm alan əvvəlki nəsillərdən təsirlənir, bəzən onları təqlid edir. Çox adam şeir yazır, amma çox az adam nə yazdığını, yazdıqlarının haradan gəldiyini bilir. Yazdığı şeirlərin nəyə söykəndiyini bilənlər böyük şair ola bilər, məncə. Mən bunu deməklə hisslərin qeyri-müəyyənliyini, mətnin idarə olunmazlığını inkar etmirəm. Hərdən mövzu, hiss şairi alıb aparır. Ən intellektual şair belə bəzən intellektinin yox, hisslərinin dalınca gedir.

– Saf və düşüncəli şeir...

– Eynən. Bu fikir Orxan Pamukla məşhurlaşdı. Əslində, Pamuk bu fikri bir alman şairdən təsirlənərək, onun ideyasına söykənərək maraqlı bir formul yaratdı.

– İntellektual şairlərin oxucular tərəfindən qəbul olunmamasının səbəbini nədə görürüsən?

– Bu kompleks məsələdir. Təhsil sistemi, mədəni, ictimai, sosial mühitlə sıx bağlıdır. İndi ibtidai məktəbdən ali məktəbə qədər hansı şeirlər tədris olunur? Müasir Azərbaycan ədəbiyyatı deyiləndə hansı dövr nəzərdə tutulur? Bu suallara veriləcək xoş cavablar təəssüf ki, yoxdur. İnsanların çox azının baxış bucağı geniş olur. Çoxluq üçün yanlız A və B variantları var. Adam var ki, Nazım Hikməti oxuyur, Necip Fazılı qəbul etmir, ya da əksinə. Sən Məmməd Arazı da sevə bilərsən, Həmid Herisçini də. Bu sənin dünyagörüşünün böyüklüyünü göstərir. Mənə görə, eyni imzaları, eyni üslubları oxuyan adam sənətin geniş dünyasında özlərini dar bir qəlibin içinə salır, rəngarəngliyi bir kənara atıb özünü bir rənglə məhdudlaşdırır.

– Nazım Hikmet dedin, belə bir sual ağlıma gəldi. Nazım da komunist idi, Səməd Vurğun da. Onları fərqləndirən nədir? İdeologiya bir şairə nə qədər təsir edə bilər?

– Birinici onu deyim ki, ədəbiyyatda sevmədiyim iki şey var: müəllifləri müqayisə etmək və ümumiləşdirmək. Mişel Fukonu biraz təhrif edib deyim ki, bu iki şey dərin qatlarda şiddətin bir növüdür. Hər bir sənət adamının fərqli həyatı, fərqli yaradıcılığı olub. İkincisi isə bu gün Nazım Hikmət deyəndə Pirayəyə ithafən yazdığı şeirləri xatırlayırsan, yoxsa ideoloji şeirlərini? Səməd Vurğun deyəndə, “Şair nə tez qocaldın sən?!”, “Heç yana, heç yerə mən tələsmirəm” yada düşür, ya ideoloji şeirlər? Əslində, o şairləri qınamaq düzgün deyil. İndinin gözüylə baxanda onları qınamaq asandı. Pafoslu danışmağa nə var? Mikayıl Müşfiqdə eyni şeyi görə bilməyənlər Səməd Vurğunda ideoloji səhvlər axtarır. Bir nümunə çəkim. Nazım Hikmət həbsxanada olanda aclıq aksiyası keçirir. Bütün qəzetlər bunu siyasi addım kimi qiymətləndirirdi. Əziz Nesin isə yazmışdı ki, Nazım həyat yoldaşına görə belə edir, çünki uzun müddət idi yanına gəlmirdi. Hamı Əziz Nesini daşlayırdı ki, bunu necə yaza bilərsən. Çünki kütlə romantikanı sevir. Onlar qəbul eləmək istəmirlər ki, şair öz qadınına görə də aclıq aksiyası keçirib. Nazımın öz şeiri də var ki, dəmir qapının arxasında 5 qadın var idi, bu tərəfdə isə 300 kişi. Mən o 300 kişinin biri idim, sən isə o 5 qadınından biri deyildin. İnsan nəyə görə bir qadın üçün aclıq aksiyası keçirməsin ki? İdeologiyalar çox keçicidir. Bayaq kitab dükanını gəzirdim. “Dumanlı Təbriz”i əlimə alıb düşündüm ki, indi bunu kimdi oxuyan? Böyük bir ömür gedib belə bir əsərin yazılmasına, indi isə lazım deyil. Və ya Mirzə İbrahimov indi bizim həyatımızın harasındadı?!

– Türk şeiri Azərbaycan şeirinə nə qədər təsir edib? Etməkdədirmi?

– Bir dövr bizim xarici mənbəmiz rus dilində olub. Dünyanı rus dili üzərindən tanımışıq. İndi isə daha çox türk dili ilə oxuyuruq. Bu isə tərcümə işimizdəki boşluqlardır. Bu ayrıca mövzu və problemdir. Türk şeirinin bizə təsiri XX əsrin əvvələrində də vardı. Tofiq Fikrət, Abdülhak Həmid, Namiq Kamal və s. bunları çox az adam bilir. Eyni zamanda da rus, türk ədəbiyyatı da Azərbaycan ədəbiyyatından təsirlənə bilər. Bunun da nümunələri var. Bizim ədəbiyyatımız kiçik ədəbiyyat deyil. Sadəcə, təqdimatımız yoxdu. Bizim ədəbiyyatın ən böyük problemi kitab sənayesi problemidir. Düzəlsə, dünyaya çıxışımız da olacaq.

– Türkiyədə yaşamış, türk ədəbi mühitini görmüş birisən. Oranın təcrübəsinə istinad etsək, dövlətin, dövlət qurumlarının bu məsələyə müdaxiləsi olmalıdırmı?...

– Dövlətin müdaxilə etdiyi yerlərdə tələblər də ortaya çıxır. Seçimlər başlayır. Bütün hallarda seçmə mexanizmi yaranacaq. Əgər bunu istəyiriksə, müdaxilələri qəbul etməliyik.

– Türkiyədə müxtəlif siyasi düşərgələrin də nəşriyyatı var...

– Belə deyim də. Bu gün Türkiyədə Necip Fazıl, Cahit Zarifoğlu daha ön plandadır. Çünki AK partiyasına daha yaxındı onun yazdıqları. Sabah CHP iqtidara gəlsə, Nazım Hikmet, Atilla İlhan, MHP olsa Nihal Atsız ön planda olacaq və sair. Hər iqtidarın öz siyasi rakursu var və o rakursa uyğun sənətçilər ön planda olacaq. Siyasət və ədəbiyyat dərin mövzudur. Tələbəlik illərində bu məsələyə dair çoxlu araşdırmalar edirdim. Bəlkə, başqa bir zaman sadəcə bu mövzu ətrafında danışarıq...

– Ramil, universitetlər niyə tənqidçi, sənətşünas yetişdirə bilmir?

– Dünyanın hər yerində belədir. Ədəbiyyatşünaslıq ciddi elmdir. Onun qapısı yalnız zəhmət çəkən, çox çalışan adamlara açılır. Min tələbədən sadəcə yüz nəfəri normal sahəsinə uyğun peşəkarlaşır. Hər şeyi də dövlətdən gözləmək olmaz. Bir müəllim özü məsuliyyətli olmalıdır. Fikirləşməlidir ki, auditoriya qarşısına çıxıram, onlara yeni nə deyə bilərəm? O tələbələrdən neçəsini mütəxəssis kimi yetişdirə bilirəm? Ədəbiyyatşünaslarımız, filoloqlarımız bəzən romantik çıxışlar edirlər. Tənqidçilər ciddi mətnlər yazır, lakin onların populyarlaşması, minlərlə oxucu tapması indiki reallıqda mümkün deyil. O mətnlər dar bir mühitə xitab edir. Yaşar Qarayevin, Harold Bloomun kütləvi şəkildə oxunması mənə real gəlmir. Bu gün hansısa kitab haqqında məqalə yazmaqla kütlədə kitaba maraq yaratmaq olmur.

– Çox oxunmaq sənin üçün nə qədər önəmlidir?

– Məsələn, kitabda “Humay” şeiri var. Bilirdim ki, həmin şeiri az adam oxuyacaq, o şeir heç vaxt populyar ola bilməz. Və bir il sonra professor, ədəbiyyatşünas Cavanşir Yusifli tək bir şeirdən böyük bir məqalə yazdı. Yaxud da filologiya elmləri doktoru Mətanət Vahid sadəcə “Abşeron yarımadamı” şeirimi təhlil etmişdi. Mənim belə qapalı şeirlərim çoxdur. Amma kitabımda bir neçə şeirlər var ki, onların qapısı yüz minlərə açıqdı. Belə şeirləri az yazıram və bu barədə az düşünürəm...

– İstanbul sənə nələri qatdı?

– Bir cümlə ilə deyə bilərəm ki, İstanbulun bugünkü Ramil Əhməd olmağımda böyük rolu oldu.

– Növbəti kitab üzərində işləyirsən, yoxsa hələ özünə istirahət vermisən?

– Şairlərin istirahət etdiyinə inanmıram. Mənim üçün şeir hər yerdədir. Ondan qaçmaq mümkün deyil. Gələn il üçün nəzərdə tutduğum kitablar var. Bir neçə fərqli mövzulu kitablar üzərində işləyirəm. Sağlıq olsun.

Xəbər lenti