Sosial şəbəkələrdə azyaşlı uşaqların fars dilində”Salam, fərmandeh” mahnısını oxuduğunu göstərən video yayılıb.
Tehsil.biz Teref.az-a istinadla xəbər verir ki, görüntülərin Lerikdə çəkildiyi iddia olunur.
Videodan görünür ki, qız şagirdlər azyaşlı olmalarına baxmayaraq, hicab bağlayıblar.
Xatırladaq ki, bu, sözügedən mahnı ilə bağlı ilk qalmaqal deyil. Belə ki, daha əvvəl müəllimin şagirdlərə bu mahnını oxutduğuna dair görüntülər yayılıb.
Ardınca Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.
Təhsil İdarəsindən verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.
"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb.
Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
Məlumat üçün qeyd edək ki, sözügedən mahnının İranın ali dini lideri Seydi Əli Xameneyiyə yazıldığı bildirilir. “Fərmandeh” fars dilində “komandan” deməkdir.