Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Kulis.az “Maraqlı adamlar” layihəsindən yazıçı ilə bağlı fakt və əhvalatları təqdim edir.
Sabir Əhmədli Cəbrayıla top-qrad mərmisi düşdüyü vaxt ev təmir edirdi. Doğma torpağın alınacağına ya inanmırdı, ya inanmaq istəmirdi.
***
Çox halal adam olub. Evinə haram çörək aparmayıb. Hətta bir vaxtlar dəb imiş, nəzir-niyaz verənlərə deyirlərmiş ki, gedin pulunuzu Sabir müəllimlə dəyişin, halaldı onun pulu.
Oğlunu könüllü Qarabağ savaşına göndərib. Müharibə gedən vaxt oğlu şəhər uşağı olduğu üçün şəraitə alışa bilmirmiş. Bir qabda yemək yeyilməsi, səliqəsizlik onu darıxdırıb. Bayıra çıxanda snayperlə başından vurublar. Özü də həmin gün oğlunun ad günüymüş.
Oğlu şəhid olan vaxt özü cəbhə bölgəsinin başqa bir yerində əsgərlərlə görüşdə idi.
80-ci illər ədəbi nəsli haqqında Yazıçılar Birliyində görüş keçirilirmiş. Sabir Əhmədliyə söz verilir. O, qəribə bir müşahidəsini açıqlayır:
- Onların hamısının hekayəsində yağış yağır.
Qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıydı. Döyüşlərdə həlak olmuşdu. Sabir Əhmədli Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtarmışdı.
1985-ci ilin 9 may tarixində Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədlinin abidəsini ziyarət edəndən sonra Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir. O zaman üçün təbii ki, bu çox müşkül məsələ idi. Amma Araza və o tay türk ellərinə bağlı olan yazıçı üçün bu əsl ilham mənbəyi olacağından rayon rəhbərliyi buna etiraz etmir.
Beləliklə, 1985-ci il mayın 10-da yazıçı Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxınlaşır.
***
Yazıçı Həmid Herisçi yazır: “Hərbiçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı”.
Məmməd Arazı partiyadan uzaqlaşdırmaq üçün iclas keçiriblər. O iclasda yalnız Sabir Əhmədli Məmməd Arazı müdafiə edib və partiyadan uzaqlaşdırmaq qərarına etirazını bildirib.
***
2002-ci ildə Azərbaycanda ilk dəfə Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə “Proza N” internet-müsabiqəsi keçirildi. Münsiflər heyətində Sabir Əhmədli də vardı.
Nəticələr Beynəlxalq Mətbuat Mərkəzində elan olunurdu. Sabir müəllim bir-bir qaliblərin əlini sıxır, tanış olur, kimin hansı əsərin müəllifi olduğunu soruşurdu.
Oz aman gənc yazar olan Seymur Baycan təqdimata qalxanda Sabir müəllim onunla da tanış oldu, əlini sıxdı, “Sənin əsərin hansı idi?” – deyə sual etdi, Seymur qıpqırmızı oldu. Çünki hekayəsinin adı bir az biədəb idi: “Qeyri-ənənəvi cinsi əlaqə”. Əsərin adını dedi və daha da qızardı. Hamının eşidib qımışdığı bu kəlmələri Sabir müəllim eşitmədi. “Nə?” – deyib başını Seymura bir az da yaxınlaşdırdı. Gənc yazarın üzünün qızartısı daz başına da yayıldı və bayaqkı sözləri bir də bərkdən təkrarladı: “Qeyri-ənənəvi cinsi əlaqə!”
Şərif Ağayar yazır: “Bir dəfə evində də oldum. Gənc yazar Mövlud Mövludla... Onda dınqılı uşaq idi Mövlud. Amma Sabir müəllimi məndən yaxşı oxumuşdu. Üstəlik insan kimi kifayət qədər tanıyırdı və necə bir tale yaşadığının fərqində idi. Uşaq olsa da...
Mövlud Sabir müəllimin əlini öpdü, söhbətlərinə yüksək həssslıqla qulaq asdı. Çox həyəcanlıydı.
Sabir müəllimgildən düşüb gələndə birdən baxdım ki, Mövlud yoxdur. Ora-bura boylandım, gördüm binaların arasında qolunu divara, alnını qoluna söykəyib, çiyinlərini ata-ata ağlayır.”
Sabir Əhmədli “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. Yazıçılar Birliyində qəzetin müzakirəsi aparılırdı. İclasda səslənən iradlar Sabir Əhmədlini bərk qəzəbləndirir. Əslində bu iradlar Sabir Əhmədlini işdən çıxarmaq üçün bəhanəydi.
O, əsəbi halda iclası tərk edir və bunları söyləyir:
“Keçmə namərd körpüsündən qoy aparsın sel səni”.
O iclasdan sonra “Ədəbiyyat qəzetin”dən çıxan Sabir Əhmədli bir də redaksiyaya ayaq basmır.
Sabir Əhmədli müəllim işlədiyi vaxtlarda bir hekayəsi “Pioner” jurnalında çap olunmuşdu. İmtahanlar vaxtı ilk ana dili yazı imtahanı üçün Bakıdan, Maarif Nazirliyindən göndərilmiş zərfi açanda yazıçı gözlərinə inana bilmir. Yeddinci sinifdə ifadə yazı üçün nümunə kimi göstərilmiş mətn onun yenicə çap olunmuş hekayəsi imiş. Bu qəribə hadisəni yazıçı daha sonra belə qələmə almışdı: “Bir ucqar əyalət məktəbində müəllim şagirdlərə müəllifi olduğu hekayəni imtahan olaraq yazdıracaqdı. Bu maraqlı təsadüf idi”.
***
Sabir Əhmədli Azərbaycanda oğlu şəhid olan yeganə Xalq yazıçısıdır. Xalq şairlərindən isə yalnız Xəlil Rzanın oğlu Qarabağ müharibəsində şəhidlik məqamına ucalıb.
Sabir müəllim nə oğlunun yasında, nə də sonralar oğlu üçün adamların yanında ağlamayıb. Ancaq gizlinlərdə, öz otağında ağlayırmış.
***
O, gəncliyində çox sağlam adam olub. Oğlu Məhəmməd şəhid olandan və torpaqların işğalından sonra qan təzyiqi və şəkər xəstəliyi tapır.
***
Sabir Əhmədli Azərbaycan ədəbiyyatında ən çox roman yazan yazıçılarındandır. Onun 20-dən artıq romanı çap olunub.