Ötən gün nişanlısıgildə arı sancması nəticəsində dünyasını dəyişən 24 yaşlı gənclə bağlı söz-söhbət səngimək bilmir.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Gəncin dəfn zamanı guya dirilməsi və sonradan ona vurulan iynə nəticəsində ölməsini iddia edən şəxslər hər gün artmaqda davam edir. İddialara aydınlıq gətirmək üçün əməkdaşlarımız mərhum İlqar Qəhramanovun ailəsində olublar. Əvvəlcə çəkilişə razı olmasalar da, sonradan APA TV-yə danışan mərhumun dayısı hadisə baş verən zaman hamılıqla birlikdə Ağstafa rayonun Aşağı Göycəli kəndində, qudalarıgildə olduqlarını bildirib.
Onun sözlərinə görə, hadisə evə getməyə hazırlaşan zaman baş verib. Mərhumun dəfn zamanı ayılmasına gəlincə isə dayısı deyilənlərin hamısının yalan olduğunu bildirir. Onun sözlərinə görə, İlqar Qəhrəmanov günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni sabaha saxlanılıb.
Meyit gecə evdə olanda üzərinə güzgü qoyulub. Qohumlardan biri güzgünün buxarlandığını görərək İlqar Qəhrəmanovun sağ olduğunu deyib. Onlar da mərhumun anasını sakitləşmək üçün meyiti Gəncədəki xəstəxanalardan birinə aparıblar. Xəstəxanada gənci müayinə etdikdən sonra onun 15 saat əvvəl vəfat etdiyini bildiriblər. Onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması barədə də məlumat yayılıb. Mərhumun yaxınları gəncin iynədən yox arı sancmasında öldüyün təsdiq edirlər.
Qeyd edək ki hadisə 2 gün bundan əvvəl Ağatafa rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Belə ki Şəmkir rayon sakini 24 yaşlı İlqar Qəhramanov ailəsi və qohumları ilə birlikdə sözügedən kənddə yaşayan nişanlısıgilə qurban bayramı münasibəti ilə bayramlıq aparıb. Məclisin sonuna yaxın onun qolundan arı sancıb. Xatırladaq ki, İlqar Qəhramanov 6 aydan artıq imiş ki, öz qohumu ilə nişanlanıbmış. Onların yaxın aylarda toyları olacaqmış.