Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universitetinin (EU) birgə layihəsi “VILLAGE” Avropa müsabiqəsində qrant əldə edib.
ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq ikili diplom layihəsi çərçivəsində iki universitet arasında hərtərəfli əməkdaşlıq münasibətləri inkişaf edir. Ali məktəblərin birgə fəaliyyət istiqamətlərindən biri də elmi-tədqiqat və beynəlxalq qrant müsabiqələrində iştirakdır. Belə müsabiqələrdən biri də Avropa Komissiyasının həyata keçirdiyi “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramıdır. Ege Universitetinin icraçısı olduğu “VILLAGE” (Virtual Innovative Learning Laboratories for Global Engineering Education) – (Qlobal Mühəndislik Təhsili üçün Virtual İnnovativ Tədris Laboratoriyaları) qeyd olunan müsabiqədə qrant əldə edib. Layihə Ege Universitetinin “MSCA Mübadilə Proqramı (Kadr mübadiləsi) çərçivəsində maliyyələşəcək ilk layihəsidir və universitetin beynəlxalq inteqrasiya hədəfinə çatmaq istiqamətində atılmış mühüm addım hesab olunur.
Layihə mühəndislik ixtisası üzrə fənn tədris edən müəllim və tələbələrin pandemiyadan sonrakı təhsil proseslərini və laboratoriya ehtiyaclarını multidisiplinar, çoxölçülü mədəni kontekstdə yenidən nəzərdən keçirməyi və tələblərə uyğun olaraq yeni tədris modelləri üçün yol xəritələrini müəyyənləşdirməyi hədəfləyir. Bu istiqamətdə təklif olunan modeli sınaqdan keçirmək üçün pilot virtual laboratoriya və təlim materiallarının hazırlanması və bununla da layihə çərçivəsində effektiv, davamlı tədris modelləri yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyənin əsas icraçısı olduğu layihənin digər tərəfdaşları Azərbaycan, Yunanıstan, İspaniya, Danimarka, İrlandiya, Sloveniya, Malta və Latviyanın müvafiq ali təhsil və sənaye müəssisələridir.