Logo

İxtisas birincisi: “Akademik mühit üçün BANM ən ideal yerdir”

13.07.2022 10:14 424 baxış
IMG

Kənan Məmmədov Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının bu ilki məzunlarındandır.

Tehsil.biz xəbər verir ki, o, 2017-ci ildə BANM-ə 665 balla daxil olub. Kənan Neft-qaz mühəndisliyini ixtisas birincisi olaraq bitirir. Uğurlu tələbə tədris illəri ərzində əldə etdiyi yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki xüsusi aktivliyinə görə Bakı Ali Neft Məktəbinin təsis etdiyi akademik Xoşbəxt Yusifzadə adına Tələbə təqaüdünə layiq görülüb.

Kənan Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistratura imtahanında 93 bal toplayıb və BANM-in Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisasına daxil olub.

Kənanın elmə böyük marağı var. Onun Bakı Ali Neft Məktəbində keçirilən “Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nda “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması” mövzusunda təqdim etdiyi elmi iş birinci yerə layiq görülüb.

Kənan Məmmədov həm də Bakı Ali Neft Məktəbində Böyük laborant vəzifəsində çalışacaq. O, sənayedə çalışmaq üçün iş təklifi alsa da, akademik mühitdə işləməyi, araşdırma ilə məşğul olmağı seçib. Akademik mühiti çox sevən və tələbələrlə işləməyi arzulayan Kənan bunun üçün ən ideal yerin BANM olduğunu düşünür.O deyir ki, BANM ona yüksək təhsil, təcrübə, yaxşı tanışlar, dostlar qazandırıb.

Xəbər lenti