İyulun 9-da Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində yenidən qurulmuş futbol, basketbol və voleybol meydançaları şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində açıq havada yerləşən futbol, basketbol və voleybol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Babayeva göstərilən təşəbbüsə görə Heydər Əliyev Fonduna və Çinin Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında rayonda görülən işlər barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəsəbədə üç yeni məktəb inşa olunub. Həmçinin son illərdə qəsəbədaxili yollar müasir standartlara uyğun olaraq yenidən qurulub. Rayonun bütün qəsəbələrində digər mühəndis-kommunikasiya işləri görülüb.
Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Azərbaycanla Çin arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O, iki ölkənin dövlət başçıların diqqəti nəticəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini, xalqlararası və mədəniyyətlərarası əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Səfir bu cür layihələrin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafına dəstək, gənclərin və azyaşlıların idmana marağının artırılması səfirliyin diqqət göstərdiyi əsas istiqamətlərdir.
Milli Məclisin deputatı Soltan Məmmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına xidmət edən ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, Heydər Əliyev Fondunun dövlət siyasətinə dəstək olaraq təhsil sahəsində reallaşdırdığı layihələrinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə yüzlərlə məktəb tikilib və məktəblər əsaslı təmir olunub. Fondun Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xəzər rayonunda təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələrin rellaşdırıldığı diqqətə çatdırılıb.
Deputatlar Rauf Əliyev və Jalə Əhmədova şagirdlərin təhsilə və idmana marağının artırılmasına xidmət edən hər bir təşəbbüsün əhəmiyyətini bildiriblər. Qeyd edilib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin məqsədi uşaqların sağlam və savadlı vətəndaş kimi formalaşmasına nail olmaqdır.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində təhsil müəssisələri müasirləşdirilir.
O bildirib ki, təhsildə aparılan islahatlar yalnız ümumi təhsil müəssisələrini əhatə etmir, həm də məktəbəqədər, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də infrastruktur yaxşılaşdırılır, təhsilin keyfiyyəti yüksəldilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Azərbaycanda təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonda Çinin Azərbaycandakı səfirliyi tərəfindən şagirdlərə hədiyyələr təqdim edilib.