Logo

“Azercell”in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

13.07.2022 16:59 339 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün həyata keçirilən sosial təşəbbüs başa çatıb.

Tehsil.biz xəbər verir ki, İyulun 6-da "Marriott Boulevard" otelində baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətini seçməyə və peşəkar potensiallarını reallaşdırmağa yönəlmiş təlimlərə qatılan proqram iştirakçılarına xüsusi sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə təşkil edilən ingilis dili və kompüter kurslarına cəlb olunub, xüsusilə fərqlənən gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdaşı "Azercell" proqram iştirakçılarını DATA-kart və yüksəksürətli mobil internet xidmətləri ilə təmin edib.

Tədbirdə çıxış edən "Azercell"in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirdi ki: “Şirkətimiz şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarını daima dəstəkləməyə çalışır, 2-ci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə bu cür layihələrin təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur”.

Xatırladaq ki, təlimlər “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən həyata keçirilib.

Xəbər lenti