Logo

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz – Maraqlı faktlar

14.07.2022 01:22 421 baxış
IMG

Bu gün şairə Mirvarid Dilbazinin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Pedaqoji Universitetin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub.

***

Mirvarid xanımın babası Mustafa “37-nin” qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairənin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün onun gözləri çıxarılıb. Qazaxın alov qülləsi adlanan yerdə bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyirmiş.

Gallery

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub - Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Bu səbəbdən də onların nikahı qeyd olunan zaman orada hər kəs məətəl qalıb, deyiblər bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvari xanımın həyat yoldaşı müharibəyə yola düşür. Hamilə olan şairə bacısı ilə Yaqut xanım İncədərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşür. Onları Əminə Dilbazi yola salır. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutur, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız varmış, onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlir. Gəncəyə çatanda təcili yardım maşını gəlib şairəni xəstəxanaya aparırlar.

Gallery

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurur. Onun ikinci dəfə ailə qurması isə Səməd Vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairəni yanına çağırıb deyir ki, adına söz çıxardacaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona məsləhət edir ki, ailə qursun. Şairə ailə quranda isə onun artıq bir nəvəsi də var idi.

***

Deyilənə görə yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkinirmişlər. O, həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti varmış. Xüsusilə qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

Gallery


İçki içməyi sevmirmiş. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayan adamam. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Birdən bağa toplaşırdıq, kabab çəkilirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...

***

Evində həmişə “Quran” kitab olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə “Quran” oxuyub - həm də ərəb dilindən.
Mirvari xanım şeirlərini də əski əlifbada yazıb sonra makinaya köçürürdü.

Gallery


Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyirmiş ki, məni çox istəyən, mənə bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanım Elçibəydən yeganə xahişi “Yazıçı” nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedir. Zəlimxan Yaqub evdəki sazla bir neçə saz havası ifa edir. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şairə deyir: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam”.

Gallery

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoymuşdu. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda bu köhnə qəbiristanlıqda özü üçün yer almışdı. Vəsiyyət eləmişdi ki, məni Fəxri xiyabanda basdırmayın, anamın yanında basdırın. Elə də elədik.

***

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.

***

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

Xəbər lenti