1920-ci il mayın 18-də həyata keçirilən Ənzəli əməliyyatı tarixşünaslıqda az işıqlandırılan hadisələrdən biridir. Həmin gün Bakını az əvvəl işğal etmiş Qırmızı Ordunun Volqa-Xəzər donanması İranın Gilan vilayətində britaniyalı hərbçilərin yerləşdiyi Ənzəli limanına hücum edir. Məqsəd Rusiya İmperiyasına məxsus və vətəndaş müharibəsi sırasında bolşeviklərlə mübarizə aparan antibolşevik qüvvələrin rəhbərlərindən biri, general-leytenant Anton Denikinin nəzarətinə keçən donanmanın müsadirə olunması idi.
Lent.az Azərbaycanda baş verən hadisələrlə birbaşa bağlılığı olan Ənzəli Əməliyyatı barədə materialı təqdim edir.
Rusiya İmperiyasının süqutundan sonra onun nəhəng ərazisində davamlı və çoxsaylı müharibələr başladı.
Bütün Yer kürəsində inqilab yaymaq istəyən bolşeviklər Vətəndaş Müharibəsinin ilk başlarında imperiyanın ucqarlarını sovetləşdirməyə cəhd etdi. Amma Finlandiya və Baltikyanı ölkələrdə yerli kommunistləri hakimiyyətə gətirmək cəhdi baş tutmadı.
1919-cu il ərzində Antanta ölkələrinin milli respublikalara və “ağlar”a dəstək verməsi də bolşeviklərə hücumlar həyata keçirməyə imkan vermirdi. Bu fonda inqilabi aktivliyi Şərqə doğru yönəltmək ehtiyacı yaranmışdı.
Bununla bağlı bolşeviklərin liderlərindən biri Lev Trostki belə qeyd edirdi:
“Siyasi durum elə gətirib ki, Parisə və Londona gedən yol Əfqanıstan, Pəncab və Benqaliyadan keçir”.
1919-cu ilin ortalarında Böyük Britaniya Qafqaz və Mərkəzi Asiya regionunda mövqelərini çox möhkəmləndirir.
Bu dövrdə Xəzər dənizində bolşeviklərlə silahlı mübarizə aparan, Rusiya İmperiyasının sabiq generalı Denikinin güclü donanması mövcud idi.
Qırmızı Ordunun 1920-ci ilin birinci yarısında Şimali Qafqaza yürüşü həmin donanmanın vəziyyətini tamamilə dəyişdi. Bolşeviklər Xəzər donanmasını əllərinə keçirməyə çalışırdılar və Həştərxan, Krasnovodsk (Türkmənbaşı) və Mahaçqalanı nəzarətə almışdılar.
Əsas bazalarını itirən donanma Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya, oradan isə İranın Britaniya qüvvələrinin nəzarət etdiyi Ənzəli limanına aparılması planlaşdırılırdı.
Amma britaniyalılar şərt qoyaraq Denikinin donanmasının tamamilə tərksilah olunmasını və onların tabeliyinə keçməsini bildirdilər.
“Xəzərin ağqvardiyaçı donanmadan təmizlənməsi nəyin bahasına olursa-olsun gerçəkləşməlidir”, - bunu Sovet İttifaqının Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Nemits Volqa-Xəzər donanmasının komandanı Fedor Raskolnikova məktubunda yazırdı.
Məhz bu günlərdə, 1920-ci il aprelin 28-də SSRİ qüvvələri AXC-nin mövcudluğuna son qoyaraq Bakını işğal etdilər. Bolşeviklər onların Xəzər dənizindəki mövcudluqlarına təhlükə törədən həmin donanmanı ələ keçirmək üçün plan hazırlayırlar.
Bu planın hazırlanmasına Türküstan cəbhəsinin komandanı Mixail Frunze də qoşulur. O, “ağ”ların Ənzəli limanında ingilislərin himayəsi altında olan donanmasını ələ almaq üçün İrana 20-30 minlik hərbi qüvvə ilə müdaxilə etməyi təklif edir.
Neytral İrana hücumun ciddi beynəlxalq qınağa səbəb olmasından ehtiyat edən Sovet rəhbərliyi diplomatik qalmaqalı önləmək üçün əməliyyatda iştirak edəcək qüvvələrin Moskvanın qərarı olmadan addım atdığını bildirməyi planlaşdırırdı.
Mayın 17-də Volqa-Xəzər donanmasının 14 gəmidən ibarət eskadrası reyd üçün Bakıdan çıxaraq İran istiqamətinə yol alır. Gəmilərin göyərtəsində 2 minə qədər döyüşçü var idi. Onların sayəsində Ənzəli sahillərinə desant çıxarılması və qısa müddətə limanın mühasirəyə alınması planlaşdırılırdı.
Mayın 18-i səhər sovet donanması Ənzəliyə yaxınlaşaraq ingilislərdən kapitulyasiya etməyi və “ağ”lardan qalan bütün donanmanı onlara verməyi tələb etdilər.
Cavab verilmədiyi üçün tezliklə gəmilərdən ingilislərin Ənzəlidəki sahil batareyaları atəşə tutulmağa başlandı.
Artilleriya atışlarından biri şəhərdə ingilis qüvvələrinin qərargahına düşdüyü üçün döyüşlərin idarə edilməsi ilə bağlı böhran və qarışıqlıq yaşandı. Britaniya hərbçiləri Ənzəlidən geri çəkilmək əmri aldı və gəmilərin az bir hissəsini də götürərək daha təhlükəsiz olan Rəşt şəhərinə geri çəkildilər.
Plana uyğun həyata keçirilən əməliyyat zamanı bolşeviklərin 1 döyüşçüsü ölür, 10 nəfər isə yaralanır. Minimal itkilər və ələ keçirilən zəngin qənimət Moskvada böyük sevinclə qarşılansa da, onlar neytral ölkə statusuna malik İranın limanına edilən hücumu kənar qüvvələrin etdiyini deyərək məsuliyyətdən yayınır.
1920-c il mayın 23-də SSRİ-nin xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin İrana müraciət edərək Ənzəlidəki əməliyyatın SSRİ rəhbərliyinin icazəsi olmadan keçirildiyini açıqlayır.
Britaniyanın “Times” qəzeti 28 may tarixli buraxılışında bu münasibətlə yazırdı:
“İranın Ənəzli limanının ələ keçirilməsi Yaxın və Orta Şərq boyu yayılmış və tezalışan materialın yanğına çevrilməsi üçün kiçik qığılcım ola bilər”.
1920-ci ilin iyununda Ənzəlidə qənimət kimi ələ keçirilən müxtəlif ölçülü 20 gəmi, 50 top, onlar üçün 50 min mərmi, həmçinin, radiostansiya, azuqə ehtiyatları və s. Bakıya daşınır.
Ənzəli əməliyyatı bolşeviklərin vətəndaş müharibəsi sırasında həyata keçirdiyi ən uğurlu dəniz əməliyyatı kimi tarixə düşüb.