Logo

Doktorantura imtahanlarının nəticələri elan olunub

15.07.2022 17:02 624 baxış
IMG

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən 2022-ci il 12 iyun və 7 iyul tarixlərində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 13-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 16-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması üzrə də imtahanlar keçirilib.

İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 2190 namizəd və iddiaçı (1699 nəfər doktoranturaya qəbul, 482 nəfər fəlsəfə doktoru, 9 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Ümumilikdə 41 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 952 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

170 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 83 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Qeyd edək ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların 30 test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq blokunun hər biri üzrə tapşırıqlar ümumilikdə 10 ballıq şkala ilə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Ümumilikdə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmək üçün bununla yanaşı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini toplamalıdırlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 19 iyul 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 16-18 iyul tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər lenti