Logo

Qərənfilin “qara” taleyini “ağ” günə çıxaran Xarı Bülbül

20.01.2021 15:58 865 baxış
IMG

Tarixi biliklərimizə əsaslanıb söyləyə bilərik ki, qanlı-qadalı hadisələr, ölüm-dirim müharibələri bir xalqın ya məhvinə səbəb olur, ya da yüksəlişinə. Əgər xalq mütəşəkkil olmağı bacarmırsa, mənəvi gücü ilə fiziki gücünü eyni anda səfərbər edə bilmirsə və o xalqın başında güclü sərkərdə, rəhbər dayanmırsa, şək-şübhəsiz ki, həmin xalq məhvə məhkumdur. Ancaq bizlər xoşbəxt xalqıq ki, odlu-alovlu, qanlı-qadalı günlərdə bir olmağı bacarmışıq, ölümün gözünə dik baxan adı Vətən sözündən öndə çəkilən qəhrəmanlarımız olub.

 

Bir tərəfdən də xoşbəxtik ki, Tanrı bizlərə Dahi Rəhbər Heydər Əliyevi qismət edib. Bunun nəticəsi olaraq hər çətin vəziyyətlərdə millət kimi özümüzü təsdiq edə bilmiş, Lider-millət vəhdətinin ali ucalığının mənəvi, sonradan isə fiziki ucalığının şirinliyini dadmışıq. Təəssüf olsun ki, müəyyən vaxtlarda bədxah, qara qüvvələr, düşmən kəslər xalqı və rəhbəri fiziki olsa da bir-birindən ayrı salmış, ancaq rəhbər-xalq mənəvi bağlılığını isə heç bir vəchlə poza bilməmişlər. Xalqın birliyi çəkic olaraq dəmiri döyüb qılınca çevirə bilmiş, bu qılınc isə düşmən hiyləsinin, təxribatının “başını” elə düşmənin başı ilə birlikdə kəsmişdir.

 

“Sovet rəhbərliyinə Qarbaçovun gəlişi isə xalqımızın başına gətiriləcək sabahkı müsibətlərin, faciələrin gəlişi idi. Çox keçmədi ki sərhədlərimiz pozuldu, sovet rəhbərliyində və Qarbaçovun ətrafındakı şər qüvvələr xalqımıza qarşı antimilli siyasət həyata keçirməyə başladılar. Sözsüz ki, baş verən bu hadisələrə Ulu öndər Heydər Əliyev biganə qala bilməzdi. Dəfələrlə sovet rəhbərliyinə öz kəskin etirazını bildirdi, haqq səsini ucaltdı. Gücü, köməyi Allahdan və xalqdan alan rəhbər bu müsibətlərə etiraz əlaməti olaraq bütün vəzifələrdən imtina etdi. Bu qərarla həm özünü, həm də ailəsini böyük bir təhlükəyə atması isə yenidən xalqına olan sonsuz sevginin, istəyin göstəricisi idi.

 

Heydər Əliyevin hakimiyyətdə olmaması çoxlarının işinə yaramışdı. Bu vəziyyətdən namərdcəsinə istifadə edən sovet rəhbərliyindəki yaramaz güclər xalqımızın başına yeni müsibətlərin gətirilməsinə hazırlaşırdılar. Əlbətki, burada hər zaman olduğu kimi qara işlərlə məşğul olan erməni barmağının göstərişi də var idi. Qara-qırmızı qüvvələrin törətdiyi ən dəhşətli hadisə isə dünya tarixinə qanla yazılacaq “20 Yanvar” günü idi. Bu gün həm də xalqımızın mərdlik, qorxmazlıq, qələbə günü kimi də qeyd olunur. Çünki həmin gün yumruq olan xalq torpağa bədəndən-gözdən axıdılan qorxu suyunu deyil, öz mərdlik, şərəf, müstəqillik və azadlıq qanını axıtdılar. Xalqın yenidən qorxu, əsarət altına salmaq isə artıq qeyri-mümkün idi. Çünki xalq öz rəhbərinin sayəsində mənəvi azadlığını çoxdan anlamış, müstəqillik yolunun ilk addımlarının isə sonuna yaxınlaşmışdı. Bütün bu olanların fövqündə qan və can bahası durduğu üçün Heydər Əliyev bunlara dözə bilmirdi. Xalq istəklisi, vətən sevdalısı Moskvadakı Azərbaycan səfirliyinə gedərək bu qanlı olayı Qarbaçovun və sovet rəhbərliyinin törətdiyini dünyaya çatdırdı, bu hadisəyə öz kəsgin etirazını bildirdi.”

 

Bütün bunlara baxmayaraq gözünü tor bağlamış düşmən cəlladları xalqın qanına susayaraq 20 Yanvar gününü qara rəngə boyamağa çalışdı. Azğınlaşmış qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər amansızca qətlə yetirildi, 744 nəfər yaralandı. Hətta qocalar, qadınlar, uşaqlar, təcili yardım işçiləri və milis nəfərləri də bu qanlı hadisənin qurbanlarına “çevrildilər.” Ancaq xalq tökdüyü qanı ilə bu günü özünün qan yaddaşına yazmış, sabahkı azadlığına doğru qətiyyətlə addımlayaraq öz müstəqilliyinə yol almış oldu.

 

Həmin hadisənin epoxallığı da ondan ibarət idi ki, hadisədən iki gün sonra iki milyondan artıq insan Şəhidlər xiyabanındakı dəfn mərasimində iştirak etmiş, öz şəhidlərinə sonsuz sevgisini və dünyaya isə birliyinin gücünü göstərmiş oldu.

 

Sözün birliyi ilə zərbi kərən sındıran, elin birliyi ilə dağı yerindən oynadan qədim xalqımızın tarixində 1990 -cı ilin “20 Yanvar” hadisələri müstəqilliyə addım, 2016-cı ilin “Aprel döyüşləri” müstəqilliyimizin və ərazi bütövlüyümüzün əbədi olacağının dönüş nöqtəsi və sonda isə 2019-cu ilin Vətən müharibəsindəki şanlı qələbəmiz isə Azərbaycan xalqının böyüklüyünü, ucalığını göstərməklə yanaşı, həm də ərazi bütövlüyümüzün tamlığının bərpası ili oldu.

 

Əsası Dahi Rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir və müstəqil Azərbaycan bu gün Cənab Prezidentimiz İlham Əliyevin yüksək idarəçiliyi sahəsində sürətlə inkişaf edir. Dövlət hər sahədə olduğu kimi şəhidlərinin xatirəsini hər zaman üstün tutur. Vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi dəstək ən prioritet məsələ kimi hər zaman dövlətin diqqətində saxlanılır, qazilərimizin sosial – məişət məsələləri günü – gündən yaxşılaşdırılır.

 

Ali Baş Komandanımız İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, ordumuzun qüdrəti sayəsində, xalqın mütəşəkkilliyi ilə qazandığımız Qarabağ zəfəri isə xalqın şəhid ruhlarını şad etmiş oldu.

 

Əgsər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti