Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 17-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı təşkil ediləcək.
Tehsil.biz xəbər verir ki, sınaq imtahanında namizədə 70 test tapşırığı təqdim olunur. Onlardan 40-ı seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10-u pedaqoji bacarıqları, 10-u məntiqi təfəkkürü, 10-u isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırığıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
İmtahan bütün binalarda saat 11:00-da başlanır və 2 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənədin əsli;
-imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 349 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 32 nəzarətçi müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.