Təhsil Nazirliyi tərəfindən 15 iyul tarixində keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş suallar əvvəlcədən bəzi namizədlərə göndərilib.
Tehsil.biz xəbər verir ki, bu iddia ilə təhsil eksperti Kamran Əsədov çıxış edib. O, bu barədə sosial hesabında məlumat paylaşıb.
Ekspert bu barədə çoxsaylı müraciətlərlə rastlaşdığını, hətta məsələnin araşdırılması üçün müvafiq qurumlara müraciət etdiyini vurğulayıb.
Kamran Əsədov Təhsil Nazirliyinin hazırlıq kurslarından asılı olması ilə bağlı fikirlər də irəli sürüb: "Əgər bir kurs müəllimlərin işə qəbulu imtahanından 1 gün əvvəl canlı yayımda 20 test tapşırığı izah edirsə və cəmi bir gün sonra keçirilən imtahanda həmin 20 izah olunan test tapşırığından 3 sual eyni, yəni oxşar yox, nöqtə-vergülünə qədər eyni düşürsə, icazə verin sizin şəffaflığınıza şübhə edək. Elə əvvəlki illərdə olduğu kimi, yenə də hansısa kurslardan asılınız. Bu da sizin qeyri-peşəkar olduğunuzu göstərir".
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsil ekspertinin iddialarına cavab olaraq bildirib ki, belə bir şikayətlərin olduğu deyilə bilər və araşdırılması tələb oluna bilər, lakin suallar "paylanılıb” demək əsası olmayan, sübutsuz iftiradır.
Qeyd edək ki, bundan başqa bir sıra sosial şəbəkə izlayiciləri də keçirilən imtahandan narazı qaldıqlarını bildiriblər. Belə ki, imtahan zamanı bəzi partalarda oturmaq üçün icazə verilməməsi, imtahanın gecikməsi, imtahanın hər kəs üçün eyni zamanda bitməməsi, habelə səhv cavablarin sayının bütün müdavimlərə çox gəlməsi ictimaiyyət arasında çaşqınlıq yaradıb.