İyulun 15-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan direktorlar, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı Abşeron və Sumqayıtda görüşlər keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşlərdə sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı və müsahibə mərhələlərinin təşkili, sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsirindən danışılıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və müdir müavini Ramin Abbasov sertifikasiya prosesinin əhəmiyyətini, təhsilverənlər üçün özunüinkişaf aləti olmasını, nəticələrin təhsil sisteminə böyük töhfə verəcəyini bildiriblər.
Çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı, Təhsilverənlərin sertifikatlaşdırılması şurasının katibi Tükəzban Quliyeva sertifikatlaşdırmanın mahiyyəti, mərhələləri, təhsilverənlərdən gözləntilərlə bağlı təqdimatla çıxış edib, serifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, gələcəkdə həyata keçiriləcək əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacağını diqqətə çatdırıb.
Görüşlərdə iştirak edən Təhsil İnstitutunun ibtidai təhsil üzrə təlimçisi Vəfa Məmmədova da öz növbəsində sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, çərçivə sənədi və ibtidai təhsil üzrə nümunə test tapşırıqlarını izah edib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.