2021-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Gənclər Evinin (MGE) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə, MDU-nun və MGE-nin bir qrup professor-müəllim, tələbə və gənci Mingəçevir şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları və abidələri qarşısına gül dəstələri düzüb, onların əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
“ZOOM” platforması üzərindən onlayn formatda keçirilən birgə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov milli iradəmizin zəfər çaldığı 20 Yanvar gününün 31 ildən sonra müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində torpaqlarımızın işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu bir dövrdə qeyd edilməsinin hər birimizdə fərqli hisslər yaratdığını və şanlı tarixi Zəfərin əldə edilməsindən sonra müstəqillik yolunda canından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.
Universitetdə vətənpərlik ruhunda yüksək ixtisaslı kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını bildirən rektor Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbirinin əsas məqsədinin Azərbaycan həqiqətlərini, xalqımızın milli müstəqillik və azadlıq uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıqları həmin dövrün canlı şahidi olmayan gənc nəsilə çatdırmaq və onları maarifləndirməklə, vətənə, xalqa, dövlətə bağlı layiqli vətəndaşların yetişdirilməsi işinə töhvə vermək olduğunu qeyd edib.
MGE-nin direktoru Tural Kərimov 20 Yanvar şəhidlərinin milli müstəqilliyə gedən çətin və şərəfli yolda böyük əzmkarlıq və qəhrəmanlıq, yüksək həmrəylik və yenilməz iradə nümunəsini ortaya qoyaraq Azərbaycan tarixində şanlı səhifə yazdıqlarını qeyd edib, onların adlarının əbədiləşdirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində görülən işlərdən bəhs edib. MGE-nin fəaliyyətində gənclərin vətənpərvərlik ruruhunda tərbiyəsinə xüsusi yer ayrıldığını bildirən T.Kərimov MDU ilə ortaq tədbirlərin davamlı olaraq keçirilməsinin önəmini diqqətə çatdırıb.
Sonra, MDU-nun müəllimi Mirzə Cavadov “Qanlı 20 Yanvar: Azərbaycan xalqının tarixinə yazılmış şərəf səhifəsi” mövzusunda, MGE-nin əməkdaşları Aytac Abdullayeva “20 Yanvar faciəsinin həqiqətləri” mövzusunda, Aysel İsmayılova “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri” mövzusunda, MDU-nun tələbəsi Yaşar Qasımov “Xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsi və qırılmaz əzmi” mövzusunda, MGE-nin könüllüsü, Vətən Müharibəsi iştirakçısı Rəhim Çələbiyev “44 günlük Zəfər yürüşümüz” mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələrdə 20 Yanvar faciəsinin tarixi kökləri və səbəbləri, xalqımızın başına gətirilmiş soyqırım aktları, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, faciənin tarixi dərsləri, gənclərimiz üçün yaratdığı məsuliyyət və çağırışlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, şəhidlərimzin adlarının əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən işlər və digər məsələlərdən bəhs edilib.
Müzakirələrlə davam edən birgə anım tədbiri Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.