Logo

Bakı Slavyan Universitetinin müəllim və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər

21.01.2021 10:50 632 baxış
IMG

1990-cı ilin 20 Yanvar faciəsindən 31 il keçir. 20 Yanvar-Ümumxalq Hüzn Günüdür. Bu münasibətlə Bakı Slavyan Universitetinin (BSU) prorektorları, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri, professor-müəllim heyətinin və bu ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzərək xatirələrini dərin hörmət və ehtiramla yad ediblər. BSU-nun müəllim və tələbələri həmçinin “Əbədi məşəl”abidə kompleksini ziyarət ediblər.

 

Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasında, xalqımızın tarixi ərazisi olan Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbənin əldə edilməsində misilsiz igidlik, fədakarlıq göstərən və bu yolda canından keçən,hər birimizə sonsuz sevinc və qürur hissi yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur.

 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, müharibədə yaralanmış şəxslərə, müharibə əlillərinə və bu qəbildən olan digər şəxslərə yüksək səviyyədə diqqət və qayğı göstərirlər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Xəbər lenti