Logo

Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın dirçələcəyinə inanırıq

19.07.2022 12:13 402 baxış
IMG

2022-ci ilin ilk altı ayının göstəriciləri ölkəmizin uğurla inkişaf etdiyini və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələrin icra olunduğunu göstərir.

Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.

Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. Yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Bu əlaqələrin həm böyük tarixi və həm də gözəl gələcəyi var. Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada.

Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.

10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. 

10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-
iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. 

Minsk qrupuna ehtiyac yoxdur. 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.

Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb.

Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır. 

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. 

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik.
Son müddət ərzində əməkhaqları artıb. Bu il orta əməkhaqqı 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.

İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. İqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir. 
 Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz. Büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Büdcənin böyüməsi dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. 

İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər;  
İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Ə

halinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir.  Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.

Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik.

Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir. Perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm ixrac üçün də nəzərdə tutulub. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir.

Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik. İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir. Gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq.

Son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatları nailiyyətlərimizin sübutudur. Azərbaycan təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırıb.
Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.
Ölkəmizin investisiya iqlimi daha da yaxşılaşdırmalıdır. Xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz. Xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb.

Çox sevindirici və qürurverici hal odur ki, ölkəmiz bugün sürətli inkşaf edir və iri miqyaslı layihələri öz gücünə reallaşdırır. İnanırıq ki, ölkə başçısı cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağımız dirçələcək və əvvəlkindən də gözəl inkişaf etmiş bölgəyə çevriləcək. 

Biz ziyalılar da hər zaman ölkə başçımızın yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir və əlimizdən gələni etməyə hər zaman hazırıq. 

Nüşabə Qədimli,

Mingəçevir Dövlət Universitetinin 
İqtisadiyyat üzrə fəlsəfə doktoru

Xəbər lenti