"Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir.
Tehsil.biz xəbər verir ki, bununla əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar 12-13 iyul tarixlərində Şuşa şəhərini ziyarət edib, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. 18 iyul tarixində mədəniyyət naziri Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub.
Rəsssamların Şuşa barədə təəssüratlarını dinləyən nazir onların yaratdığı rəsm əsərlərinin Nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.