Teatr, kino və xoreoqrafiya istiqaməti üzrə 1200-dən çox abituriyent xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçib.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu istiqamət üzrə xüsusi qabiliyyət imtahanları iyulun 8-dən etibarən keçirilir. İmtahanların 1 avqusta qədər davam etməsi nəzərdə tutulub. Artıq 3 ildir ki, bu istiqamət üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formada təşkil olunur. Bakıda və Naxçıvanda təşkil edilən imtahanlarda indiyədək 700-ə yaxın abituriyent iştirak edib. Abituriyentlər imtahan tarixi və yeri barədə məlumatı qabiliyyət imtahanına buraxılış vərəqələrində tanış olurlar. Buraxılış vərəqələrinin çap edilməsi barədə məlumat imtahana ən azı 3 gün qalmış DİM-in internet saytında yerləşdirilir. İmtahan nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytına – hər bir imtahan iştirakçısının özünə aid səhifəsinə yerləşdirilir.
Abituriyentlərin öz şəxsi səhifələrində proqram formaları yerləşdirilib. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edən zaman abituriyent ixtisasına uyğun olan proqram formasını da çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
Teatr, kino və xoreoqrafiya istiqaməti üzrə xüsusi qabiliyyət imtahanına gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
-ixtisasına müvafiq olan proqram formasını;
-xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına qəbul üçün imtahan verən abituriyentlər sağlamlıq haqqında arayışı.
Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməlidir.
Abituriyentlərin fiziki göstəriciləri və sağlamlıqları barədə qoyulan konkret tələblər:
-abituriyentin boy və çəkisi bir-biri ilə uyğunluq təşkil etməlidir;
- abituriyentin bədən skeleti və əzələlərinin quruluşu, sinir sisteminin vəziyyəti, ürəyin, ağciyərin, görmə və eşitmə orqanlarının vəziyyəti norma və tələblərə uyğun olmalıdır;
- sinə və çiyin bıçaqlarının asimmetriyası, geniş və qısa bədən quruluşu, bədən hissəsinin əyriliyi yolverilməzdir.
Qeyd 1: Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanına gələrkən abituriyent özü ilə rəqs paltarı gətirməlidir.
Qeyd 2: Qabiliyyət imtahanına gecikən abituriyentlər imtahana buraxılmır və imtahanın təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.