Bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılan məktəb binasının fotosu müzakirələrə səbəb olub. İstifadəçilər sözügedən fotonun Qobustan rayonunda orta məktəb binasına aid olduğunu bildiriblər. Fotosu paylaşılan məktəb binasının təhlükəli vəziyyətdə olması cəmiyyətdə narahatlıq doğurub.
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin bina Qobustan rayon Qurbançı kənd ümumi orta məktəbinin binasıdır və orada hazırda dərs tədris edilmir:
“Təhlükəli vəziyyətdə olan bina məktəb binası deyil. Həmin bina məktəbin əsas binasının yanında yardımçı bina kimi tikilib və 2014-cü ilə qədər məktəbin ikinci korpusu kimi istifadə olunub. Belə ki, Qurbançı kənd ümumi orta məktəbi 2014-cü ildə ümumi orta məktəndən ibtidai məktəbə çevrilib. 2014-cü ildən sonra məktəbdə 1 sinif komplekti olub və həmin sinif komplekti əsas binada dərs keçib. Ona görə də həmin binada dərs tədris olunmayıb. Ötən tədris ilində Qurbançı ibtidai məltəbdə 2 şagird təhsil alıb. Həmin şagirdlərin dərs keçməsi üçün əsas binada tam şərait var. Şagirdlərdən 1 nəfəri IV sinfi bitirdiyi üçün V sinifdə başqa məktəbdə təhsil alacaq . Digər şagird isə ailəsi ilə başqa yerə köçdüyü üçün növbəti tədris ilində həmin məktəbdə təhsil almayacaq. Əgər növbəti tədris ilində Qurbançı ibtidai məktəbinin birinci sinfinə şagird qəbul olunarsa, həmin şagirdin dərs keçməsi üçün məktəbin əsas binasında şərait var. Hazırda məktəbə qəbul olmaq üçün bir nəfər də qeydiyyatdan keçməyib”, - açıqlamada bildirilib.