Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dəstəyi ilə fəlsəfə üzrə fəlsəfə doktoru Kamran Abdullayevin “Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” adlı kitabı nəşr olunub.
Kitab dörd bölmədən və hər bölmənin müxtəlif hissələrindən ibarətdir.
Nəşrdə Qafqazda ərəb dilinin tarixi, ədəbiyyatı və xüsusiyyətləri, Qazavat dönəmi ilə əlaqədar məktublar, Siyasi məktublar, Ədəbi-ictimai məktublar bölmələrində məktubat nümunələri və tərcümələr yer almışdır.
Araşdırma əsərində Qafqazın siyasi, ictimai cəhətdən fəal dönəmi olan XIX-XX əsrlərdə göndərilmiş bəzi məktub nümunələri ilə həmin mühit barədə az da olsa məlumat əldə etmək mümkündür. Nümunədə, eləcə də məktubat mövzusu nəzərdən keçirilmişdir. Tədqiqat əsərində müxtəlif millətlərlə zəngin olan, ictimai-siyasi həyatında rəngarənglik görüntüsü yaradan Qafqaz coğrafiyasında yerli dillərdən biri olmayan, ancaq müsəlman xalqlarının ünsiyyətində xüsusi yer tutan ərəb dilində qələmə alınaraq göndərilmiş məktublardan bəhs edilib. Həmçinin ərəb dilinin Qafqazda müsəlman və qeyri-müsəlman millətlər arasındakı önəmi araşdırılıb.
Kitabın hazırlanmasında Azərbaycan, ərəb, rus və türk dillərində olan mənbələrdən istifadə olunub.