Logo

Bu gün Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib

20.07.2022 15:17 462 baxış
IMG

Azərbaycan – Avropa İttifaqı münasibətləri müstəqillik illərimizdən sonra yaranmışdır. Lakin hazırda bu münasibətlər bu gün ən yüksək səviyyədə olması ilə seçilir.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursunu kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirən Ölkə rəhbəri cənab İlham Əliyev ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirərək bu əməkdaşlıqların yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlardan istifadə edir. 

Hazırda Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, Azərbaycan dövlətinin çox böyük nailiyyətidir. Eyni zamanda, daha geniş əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ötən il ölkəmizə işgüzar səfəri zamanı bunu yüksək dəyərləndirib: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları daha da yaxınlaşdırır, həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin edir. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladığı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu da bunun təsdiqidir. Ölkə başçısı cənab İlham Əliyev imzalanmış yeni sənədin əhəmiyyətinə toxunaraq qeyd etmişdir:

“Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq”. 

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə öz növbəsində Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bildirmişdir: “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq”.

Göründüyü kimi, Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə xidmət edəcək.

Fikrət Rzayev,

Sosial və humanitar məsələlər üzrə prorektor, əməkdar müəllim, professor

Xəbər lenti