Logo

Nobel mükafatçısı Məhəmməd Yunus "Yeni Çağırışlar"da

21.01.2021 13:17 378 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunus olacaq.

 

"Yunus Center"in tərəfdaşlığı ilə baş tutacaq görüş təhsilin idarə olunması üzrə mütəxəssis, T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında 26 yanvar saat 18.00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

 

2006-cı ildə Məhəmməd Yunus və onun yaratdığı Gramen Bankı milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün Nobel Sülh Mükafatına layiq görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünsə də, Məhəmməd Yunus bunu reallığa çevirib. Professorun mikrokredit ideyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb.

 

Bir çox tanınmış universitetlərdə çıxış üçün dəvət alan professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, bir çox ölkədən olan insanın təhsil almasını dəstəkləyir.

 

50-dən çox şirkətin qurucusu olan M. Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında,“Fortune” jurnalının “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında yer alıb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” və ABŞ-ın “Foreign Policy” jurnalları tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. M. Yunus həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan Yunus Sosial Biznes Mərkəzi (YSBM) fəaliyyət göstərir.

 

Xatırladaq ki, “Yeni Çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olub. 

 

"Yeni Çağırışlar"a keçid: https://fb.me/e/6qHbclmag

Xəbər lenti