2022-ci ilin 19 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Birgə və Sağlam” İctimai Birliyinin həmtəsisçisi Həzi Eynalov ilə görüşüb. Görüşdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak edib.
Tehsil.biz xəbər verir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Ş.Bayramov xüsusilə bu məsələnin ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı ilə əhatə olunduğunu bildirib. İctimai Birliyin autizmlə mübarizə fəaliyyətlərini müsbət dəyərləndirən rektor qurumun regionda həyata keçirəcəyi layihələrdə MDU-nu əsas tərəfdaşlardan biri kimi görməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, son dövrdə sosial fəaliyyətlərini daha da genişləndirən və regionun ictimai həyatına aktiv inteqrasiya edən MDU sözügedən istiqamətdə birgə fəaliyyətlərin həyata keçirilməsi üçün zəruri potensiala sahibdir.
İctimai Birliyin əsas missiyası və fəaliyyət istiqamətləri barədə məlumat verən H.Eynalov Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində həyata keçirdikləri layihələrdən və tədbirlərdən bəhs edib. Qeyd edib ki, fəaliyyətlərinin başlıca məqsədi ölkədə autizm spektr pozuntusu olan uşaqların erkən yaşda müəyyənləşdirilməsi, onların xüsusi təhsil, məktəbəqədər təhsil, ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi ehtiyaclarına uyğun tədrisin təmin olunmasıdır. Bununla bağlı, geniş maarifləndirmə və məlumatlandırma işlərinə ehtiyacın yarandığını bildirən H.Eynalov pedaqoji profilli kadrlar hazırlayan və hazırda müasirləşmə yolunda mühüm addımlar atan MDU ilə əməkdaşlığın faydalı olacağına inandığını söyləyib.
Sonra, görüşdə əməkdaşlığın konkret istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, MDU regionda həyata keçirilən müxtəlif sosialyönümlü layihələrdə fəal iştiraka və bununla bağlı tərəfdaşlıqlara xüsusi önəm verir.