AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrin II yarısına aid olan Malıbəyli xalçası qorunur.
Zəngin bədii tərtibata malik olan xalça 2017-ci ildə Bakı əsilli İsrail vətəndaşı Rauf Zarbailov tərəfindən muzeyə hədiyyə edilib.
Ölkə ərazisində aşkar olunmuş arxeoloji materiallar təsdiqləyir ki, Azərbaycan ərazisində toxuculuq sənəti erkən dövrlərdən təşəkkül tapıb. Toxuculuq sənəti, o cümlədən xalçaçılıq xalq arasında ən yüksək dəyərə malik olan sənət sahələrindən biridir. Hər bir ailədə qız uşaqlarının xalça toxuma bacarığına yiyələnməsi əsas şərtlərdən biri sayılırdı. XIX əsrin sonlarında işıq üzü görmüş nəşrlərdə Şuşada toxunan xalça və palazların öz keyfiyyət və kəmiyyətinə görə Qafqazda birinci yer tutduğu qeyd edilirdi.