Logo

DİM mətbuat günü münasibətilə jurnalistləri təbrik etdi

22.07.2022 09:58 455 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi adından Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik etdi.

Tehsil.biz xəbər verir ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 147 ili tamam olur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, zamanın mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Hazırda Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri və milli jurnalistika elmi inkişaf etmişdir. Dövlətin informasiya siyasəti vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir.

Dövlət İmtahan Mərkəzi olaraq biz də öz növbəmizdə hər il digər sahələrdə olduğu kimi jurnalistika ixtisasına qəbulda da daha layiqli və məqsədyönlü abituriyent və bakalavrların seçilməsini, onların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini və bu məqsədlə bu işə peşəkarların cəlb edilməsini təmin edirik. Artıq bir neçə ildir ki, jurnalistika ixtisasını seçən abituriyent və bakalavrlar qəbul imtahanından əlavə qabiliyyət imtahanı da verirlər. Bu isə bizə gələcəkdə mətbuat sahəsində çalışacaq və bu sahəni daha da inkişaf etdirəcək namizədləri seçməyə imkan yaradır.

Ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, dövlət qulluğuna qəbulun, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirir, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyimizi ifadə edirik.

Bir daha Milli Mətbuat Günü münasibətilə sizi təbrik edir, hamınıza peşə fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq.

Xəbər lenti