Logo

22 iyul - Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib

22.07.2022 12:54 552 baxış
IMG

22 iyul - Milli Mətbuat Gününə münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və media nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov milli mətbuatın keçdiyi tarixi və şərəfli yoldan danışıb. Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir müavini qeyd edib ki, mətbuata göstərilən qayğı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Firudin Qurbanov bildirib ki, maarifçilik ənənəsi əsasında yaradılan Milli Mətbuat Günü hər il yüksək səviyyədə qeyd olunur. Medianın təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığını, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi olduğunu deyən nazir müavini onları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Firudin Qurbanov Təhsil Nazirliyinin “Şuşa İli” çərçivəsində həyata keçirdiyi “Biz Şuşadan danışırıq” adlı videohekayə müsabiqəsi barədə məlumat verib. Qeyd olunub ki, müsabiqənin məqsədi Azərbaycan mədəniyyəti və incəsənətinin beşiyi olan qədim Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirmək olub.

Təhsil nazirinin müavini müsabiqənin yekun nəticələrinə əsasən qalib olan 3 nəfərə - “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər Departamentinin müxbiri Ceyhun Mustafayevə və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya proqramları studiyasının İqtisadiyyat xəbərləri baş redaksiyasının baş redaktoru Aytən Abdulovaya belə əhəmiyyətli müsabiqədə iştirak etdiklərinə və verdikləri töhfəyə görə “Təşəkkür məktubu” təqdim edib və onlara uğurlar arzulayıb. 

Tədbirdə müsabiqə qalibləri, həmçinin media nümayəndələri Təhsil Nazirliyinin media ilə səmərəli əməkdaşlığından məmnun olduqlarını bildirib, göstərilən diqqət üçün təşəkkür ediblər.

Xəbər lenti