Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkədə fəaliyyət göstərən müxtəlif media qurumlarının nümayəndələrinin iştirakı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirib.
Tehsil.biz xəbər verir ki, tədbirdə ölkənin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən şəhid jurnalistlərin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova ölkə səhiyyəsində həyata keçirilən islahatların vətəndaşlara dolğun çatdırılmasında yaxından iştirak edən media nümayəndələrinə təşəkkür edib. O, vətəndaşların daha keyfiyyətli xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da səmərəli əməkdaşlıq ediləcəyini bildirib.
Daha sonra media nümayəndələri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları” barədə geniş təqdimatla çıxış edib və sualları cavablandırıb.
Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov “Tibb müəssisələrində sığorta göndərişlərinin verilməsi prosedurları”, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Ələkbərov “Gərgin iş mühitində fizioterapiya”, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov “İş şəraitində travma yaradacaq səbəblər”dən bəhs edib.
TƏBİB-in Təlim və karyera planlaması şöbəsinin əməkdaşı Nahidə Mahmudova tərəfindən “İlkin təcili tibbi yardım qaydaları üzrə simulyasiyalar”, uzman klinik psixoloq Nərmin Osmanli və klinik psixoloq Günel Muradova tərəfindən “Rifah və özunəqayğı” və yoqa mütəxəssisi Günel Hüseynzadə tərəfindən isə yoqa təlimi keçirilib.
Simulyasiya təlimləri interaktiv olaraq jurnalistlərin birbaşa iştirakı ilə əyani formada təşkil edilib.
Həsən bəy Zərdabi obrazını Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Əhmədov canlandırıb, o media nümayəndələrini özünəməxsus formada təbrik edib.
Tədbirin rəsmi hissəsində təbrik nitqi ilə çıxış edən TƏBİB-in İdarə heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media işçilərinin cəmiyyətin aynası olduğunu bildirib və ötən dövr ərzində Vətən müharibəsi və pandemiya ilə mübarizə tədbirlərində media nümayəndələrinin misilsiz xidmətlərini vurğulayıblar.
Sonda bir qrup jurnalistə TƏBİB ilə əməkdaşlığa və tibb sahəsində yeniliklərin işıqlandırılmasında verdiyi dəstəyə görə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.