Logo

Milli təhsil tariximizə dəyərli töhfə

22.07.2022 18:53 606 baxış
IMG

Vətən tarixi ilə bağlı araşdırmalar aparmaq ilk növbədə milli dəyərlərin öyrənilməsi, gələcək nəslə çatdırılması və  təbliği baxımından çox əhəmiyyətlidir. Tarixi tədqiqatların nəticələrinin milli mənlik şüurunun formalaşdırılması vasitəsi kimi çıxış etməsi isə dəyər baxımından xüsusilə qiymətlidir. Bu gün belə tədqiqat əsərlərinin yazılması mühüm aktuallıq kəsb edir. Belə tədqiqat əsərlərindən biri də təhsil tarixi sahəsində araşdırmaları ilə xüsusilə seçilən filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvan Müəllimlər Seminariyası” adlı əsəridir. Monoqrafik səciyyəli kitab bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Üç fəsildən ibarət olan bu kitabda XIX yüzilliyin ikinci yarısı, XX yüzilliyin birinci yarısında  İrəvan Azərbaycan türklərinin ictimai-siyasi və mənəvi vəziyyəti, İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti, onun xələfi olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin (İrəvan Türk Pedaqoji Texnikumu) təhsil tarixində yeri və rolu məsələlərindən bəhs edilir. Tarixdən məlumdur ki, İrəvan Azərbaycanın elm, təhsil, mədəniyyət mərkəzi kimi həmişə diqqəti cəlb etmişdir. Bu bölgə qədim zamanlardan müasir dövrədək Azərbaycan tarixinin görkəmli simalarını yetişdirmiş, milli azadlıq, milli maarifçilik tarixində silinməz izlər qoymuşdur. Bu bölgə də Azərbaycanın digər bölgələri kimi qədim oğuz yurdu, türk tayfalarının vətənidir. Tarixi mənbələrdə bu barədə zəngin məlumatlar vardır.

Qeyd edək ki, XIX yüzillikdə çar Rusiyası Azərbaycanın şimal hissəsini işğal edəndən sonra İrəvan bölgəsi də müstəmləkə əsarətinə düşdü, burada çarizmə xas olan idarəçilik sistemi  formalaşmağa başladı. Belə bir dövrdə çar hökuməti təhsil sistemini də müstəmləkəçilik qaydalarına uyğun təşkil etdi. Qəza məktəbləri, sonralar şəhər məktəbləri, progimnaziya və gimnaziyalar açılsa da, onların ali məqsədi çar məmurları yetişdirmək, türk-müsəlman xalqlarını xristianlaşdırmaq, ruslaşdırmaq idi. Ona görə də Avropa tipli məktəblər kimi adları çəkilən bu təhsil ocaqlarında oxumaq üçün ilk növbədə rus dilini bilmək, rus adət-ənənələrini  mənimsəmək, onlara əməl etmək, tədricən xristian ruhunun daşıyıcısına çevrilmək tələb olunurdu. Qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasının yaranması və fəaliyyəti də məhz bu amillərə əsaslanırdı. Tədqiqatçı alim Cəlal Allahverdiyev öz araşdırmalarında problemin bu aspektlərini də diqqətdə saxlamış və ilk növbədə XIX yüzilliyin ikinci yarısında çar Rusiyasında mövcud ictimai-siyasi mənzərəni əks etdirmiş, seminariyanın yaranma zəruriliyini, burada azərbaycanlıların təhsili üçün yaradılan süni çətinlikləri, milli ziyalıların, maarifçi xadimlərin fədakarlıqlarını mənbə materialları əsasında şərh etmişdir.

Tarixi mənbələr göstərir ki, XIX yüzilliyin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərindən etibarən İran və Osmanlı ərazisindən, eyni zamanda dünyanın digər ölkələrindən İrəvana çoxlu sayda erməni ailələri köçürülməyə başlandı. Təkcə 1828-1830-cu illərdə İrandan 40 min, Osmanlı imperiyasından isə 90 min erməni Cənubi Qafqaza, Şimali Azərbaycana köçürülmüşdü. Çar hökuməti erməniləri Cənubi Qafqaza köçürməklə özlərinin dayaq dəstələrini möhkəmləndirmək, bu bölgədə xristianlaşdırma siyasətinin daha sürətlə aparılmasına inanırdı. İrəvan Müəllimlər Seminariyasında təhsilalanlara münasibətdə də bu ayrı-seçkilik aşkar hiss olunurdu. Ona görə də burada milli ruhlu insanlar təqib olunur, onların təhsil müəssisələrində çalışmasında, tədris fəaliyyətində çox çətinliklər meydana gəlirdi.

Seminariya fəaliyyətə başlayarkən burada Azərbaycan şöbəsinin yaradılmasının nəzərdə tutulması barədə mənbələrdə məlumata rast gəlinməmişdir. Lakin burada Azərbaycan dilindən və ilahiyyatdan (şəriətdən) dərs deyən Axund Molla Məhəmmədbağır Qazızadənin səyi nəticəsində Azərbaycan mühiti, Azərbaycan şöbəsi formalaşmışdı. Axund Molla Məhəmmədbağır Qazızadə azərbaycanlı uşaqları himayə edir, onların təhsil alması və gələcəkdə müəllim kimi fəaliyyət göstərmələri üçün hər cür şərait yaradırdı. Tədqiqatçı alim Cəlal Allahverdiyev tarixi sənədlər əsasında İrəvan Müəllimlər Seminariyasının fəaliyyətini təhlil edərkən burada çalışan azərbaycanlı müəllimlərin gördükləri işi, onların milli maarifçilik mövqeyindən çıxışlarını, milli dərslik yaradıcılığı sahəsindəki uğurlarını qeyd edir, ən çətin şəraitdə milli şüur daşıyıcıları kimi dönməz, bütöv, torpağa, xalqa bağlı şəxsiyyətlərin yetkinliyini ön plana çəkir. Bu baxımdan, kitabda əksini tapmış materiallar sadəcə adi tarix deyil. Bu, qaranlıqları aydınlığa çıxaran, müstəmləkəçilik əsarətinə boyun əyməyən, milli varlığının əzəmətini qoruyan, hər birinin həyatı qəhrəmanlıqlarla dolu olan şəxsiyyətlərin tarixidir. Bu, milli mücadilə tarixi, milli azadlığın yol xəritəsidir.

Mənbələrdən aydın olur ki, Axund Molla Məhəmmədbağır Qazızadə Nəcəf şəhərində ali dini təhsil almışdı. O, 1893-cü ildə İrəvan Quberniyasının Ruhani Məclisinin sədri seçilmiş və ömrünün sonuna kimi (1911) seminariyadakı vəzifələrini icra etməklə bərabər bu səlahiyyətlərinin də öhdəsindən ləyaqətlə gəlmişdir. Ruhani Məclisinin sədri əslində quberniyada türk-müsəlman əhalisinin dini rəhbəri kimi İrəvan bölgəsinin ağsaqqalı idi. Çox böyük nüfuza malik olan A.M.Qazızadə burada yaşayan azərbaycanlıların problemlərini həmişə diqqətdə saxlamış, bir neçə dəfə imperiyanın paytaxtında müəyyən məsələlərlə bağlı fikirlərini birbaşa çar hökumətinə çatdırmışdı. Tarixi faktlar göstərir ki, seminariyaya 1897-ci ilin sonlarında direktor təyin edilən Mixail Alekseyeviç Miropiyev burada türk-müsəlman uşaqlarına qarşı xüsusilə amansız idi. Mürtəce baxışlı, şövinist mövqeli bu insan azərbaycanlıların seminariyaya qəbul olunmasına mane olur və burada oxuyan azərbaycanlıların da təhsil müəssisəsindən uzaqlaşdırılmasına çalışırdı. Məhz belə bir şəraitdə A.M.Qazızadə şəxsi nüfuzundan istifadə edərək  yaranan problemləri həll edir, öz sözünü ən yuxarı dairələrə çatdıra bilir, yaranmış problemlərin əsasən həllinə nail olurdu.

Tədqiqatçı alim Cəlal Allahverdiyev İrəvan Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edərkən burada təhsilin struktur və məzmun məsələlərinin də mahiyyətinə aydınlıq gətirir, seminariyanın nəzdindəki ibtidai məktəbdən, hazırlıq kurslarından söz açır, onların iş prinsipini izah edir. Seminariyaya daxil olmaq üçün hazırlıq qruplarının təşkilinə, verilən tələblərə əməl etməyin vacibliyini qeyd etməklə çarizmin bir daha müstəmləkəçi siyasətinin xarakterini ön plana çəkir.

Kitabda İrəvan Müəllimlər Seminariyasının XX yüzilliyin əvvəllərində, Birinci dünya müharibəsi dövründəki fəaliyyəti də geniş işıqlandırılmış, seminariyanın 1918-ci ildə bağlanma səbəbləri izah edilmişdir. Kitabın müəllifi həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə də münasibət bildirmiş, məkrli erməni siyasətinin nəticələrini diqqətə çatdırmışdır.

Məlumdur ki, 1924-cü ildə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açılmışdır. Bu təhsil müəssisəsi 1949-cu ilədək çox çətin şəraitdə fəaliyyət göstərsə də Azərbaycan təhsil tarixində böyük xidmətləri olmuşdur. 1940-cı illərin sonlarında azərbaycanlıların doğma yurdlarından deportasiyası zamanı bu təhsil müəssisəsi də Azərbaycana köçürülmüş, 1949-cu ildən 1972-ci ilədək Göygöl rayonunda (o zamankı Xanlar rayonu) fəaliyyət göstərmişdir. Bu məsələlər haqqında tədqiqatçı alim Cəlal Allahverdiyev geniş məlumat vermiş, mənbələrin təhlili əsasında müəllif mövqeyini əsaslandırmışdır.

Əsərdə Axund Molla Məhəmmədbağır Qazızadə ilə bərabər seminariyada təhsil almış və  orada müəllim kimi fəaliyyət göstərmiş, eləcə də İrəvan təhsil mühitinin inkişafında, milli maarifçilik hərəkatının genişlənməsində böyük xidmətləri olan digər şəxsiyyətlər haqqında da məlumat verilmişdir. Onların hər birinin həyat və yaradıcılığı gənc nəsil üçün həmişə örnək, nümunə məktəbidir. Rəhim Xəlilov, İbadulla bəy Muğanlinski, Həmid bəy Şaxtaxtinski, Mirzə Cabbar Məmmədzadə, Həbib bəy Səlimov, Cəfərbəy Cəfərbəyov, Rəşid İsmayılov və başqalarının adları İrəvan təhsil mühitində formalaşmış Azərbaycanın görkəmli ziyalıları, maarif xadimləri kimi Vətən tarixinin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bu gün belə şəxsiyyətlərin həyat yolunun, mənəvi irsinin dərindən öyrənilməsi olduqca vacibdir. Kitabda adıçəkilən belə şəxsiyyətlərdən biri də Yusif Bəhlul oğlu Yusifovdur. Burada onun adını qeyd etməyimiz heç də təsadüfi deyil. Yusif müəllim İrəvan Müəllimlər Seminariyasının xələfi olan  İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin məzunu (1946) olmuş, Sankt-Peterburq Dövlət Universitetində ali təhsil alaraq şərqşünaslıq elminin sirlərinə dərindən yiyələnmişdir. O, Şərq dilləri ilə yanaşı, alman, ingilis, fransız, rus dillərini  də mükəmməl bilən bir alim kimi tanınırdı. Yusif müəllim eyni zamanda qədim şumer, akkad, elam dillərini də yaxşı bilirdi. O, Azərbaycan tarix elminin ən görkəmli nümayəndələrindən biri kimi çoxşaxəli elmi, pedaqoji fəaliyyəti ilə həmişə hörmətlə yad edilir. Biz Azərbaycan dövlətçilik tarixinin ən mühüm problemlərini onun elmi əsərlərindən, onun mühazirələrindən, seminar dərslərindən öyrənmişik. Aratta, Lullubi, Kutilərin dövlətçilik tariximizdə yeri və rolu haqqında onun dəyərli tədqiqatları vardır. Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasının müdiri olmuş, tarix elmləri doktoru, professor Yusif Yusifovun vətənə, dövlətə, millətə xidməti də bir örnəkdir. O, türklərin hələ ən qədim zamanlarda Qafqazda, Ön Asiyada, İkiçay arasında yaşadıqlarını, bu ərazilərin onların ana vətəni olduğunu elmi dəlillərlə sübut etmiş və Azərbaycan tarixinin konsepsiyasını yaratmışdır. Onun tədqiqatlarında irəli sürülən ideyalar xalqımızın qədim dövr tarixinin daha dərindən öyrənilməsi üçün istiqamətverici elmi mənbədir.

Tədqiqatçı alim Cəlal Allahverdiyevin bu baxımdan İrəvan maarifçiik hərəkatının görkəmli nümayəndələrinin, eyni zamanda onların xələfləri, varisləri olan böyük şəxsiyyətlərin həyat və fəaliyyətinə dair araşdırmalar aparması təqdirəlayiqdir. Onun tədqiqatlarında İrəvan təhsil mühiti probleminə kompleks yanaşılmış, təhsil mühiti  ümummilli, bütöv Azərbaycan kontekstində öyrənilmişdir. Burada Azərbaycanın digər bölgələri ilə İrəvan təhsil mühitinin sıx bağlılığı, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəkir Çobanzadə və başqaları ilə yaradıcılıq əlaqələri də öyrənilmiş, ümumi azərbaycançılıq ideyası qabarıq şəkildə verilmiş, bu da tədqiqatın səciyyəvi xüsusiyyətlərindən biri  kimi qeyd edilə bilər.

Elmi araşdırmalar göstərir ki, İrəvan bölgəsində Rusiyanın müstəmləkəçiliyi şəraitində türk-müsəlman əhalisinin məktəbə, təhsilə cəlb olunması, azərbaycanlıların təhsil alması, işlə təmin olunması sahəsində çoxlu problemlər,  çətinliklər olmuşdur. Çar hökuməti, onun yerlərdəki nümayəndələri azərbaycanlıların milli şüurunun formalaşmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmişdir. Lakin nə qədər çətin olsa da o zaman milli maarifçilər xalqımızın ilk növbədə mənəvi keşiyində dayanaraq vətən övladlarının milli ruhunun formalaşması və inkişafında böyük rol oynamışlar. Cəlal Allaherdiyevin tədqiqat əsərində bu məsələlərin elmi təhlili verilmiş, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan milli təhsilinin inkişafında yeri və rolu faktlarla əsaslandırılımışdır.

İntiqam CƏBRAYILOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri

Xəbər lenti