Logo

Ustadın 1 cümləsinə 22 iyulda 22 cümləlik nəzirə

22.07.2022 20:20 433 baxış
IMG

"Hər şeydən çətini dünyanı öyrənməkdir" (C.Məmmədli).

Öyrənərək anlamaq: aqilanəlik, adilanəlik. Aqil adama nişanə. Adil adama işarə.

Anlayaraq öyrənmək: başa düşmək, hiss etmək, sezmək, duymaq, düşünmək, dərk etmək. 

Anlamaq: 
- Anla
- Anlam
- Anlama 
Söz hərf-hərf, məna-məna böyüyür... 

Buradakı "an" ərəb dilində ağıl deməkdir.

Anlayan insan üçün anlamaq an məsələsi.
Anlamayan üçün zamAN məsələsi. Bəlkə də zamANsızlıq... 

Belələrinin zamanı da, amanı da kəsik olur. Belələrinə zaman amansız, ansız, qansız olur.

İnsanın ömür təqvimi - yerin təqvimi yanında okeanda bir damcı su qədər. 

İnsanın ömür zamanı - yerin geoloji zamanı qarşısında səhrada bir dənəcik qum qədər. 

Dünyanı anlamayanda yer kəsr-kəsr kiçilir... Zülmün kəsrəti artır. Yerlə insan arasında kəsr xətti yaranır. Həyat sıfırlanır. Qrinviç meridianındaca dayanır. 

Dünyanı anlayanda yer əsr-əsr böyüyür. İnsan təsr-təsr öz ibtidai varlığına qayıdır. Kimliyini - haradan gəldiyini, haraya gedəcəyini bilir.
Beləcə, insan öyrəndikcə anlayır, anladıqca öyrənir.

Nəticə: "Dünya bildiyimizdən artıq bizim ola bilməz" (Xudu Məmmədov), ona görə də "Hər şeydən çətini dünyanı öyrənməkdir" (C.Məmmədli)

Bizə dünyanın gedişatını qandıran, dünyanın sirrini andıran, bizə dünya qədər can yandıran Ustad - Cahangir Məmmədli, "Milli Mətbuat və Jurnalistika günü"nüz mübarək... 


Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti