Mərhum jurnalist Aynur Mirhəsən barədə film hazırlanıb.
Tehsil.biz xəbər verir ki, filmdə jurnalistin həmkarları Lalə Ədalətqızı, Şirzad Məmmədli, Azər Qaraçənli, Etibar Cəbrayıloğlu, İmdad Əlizadə, Ülkər Bəkirli, Alya Yaqublu, Zahir Əzəmət xatirələrini bölüşür.
“Kanal 13” internet televiziyasının yaydığı filmi Vəfa Fərəcova, Ədalət Həsənov, Mübariz Tağıyev və Hikmət Sabiroğlu ərsəyə gətiriblər.
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının layihə rəhbəri, Ann.az saytının redaktoru olub.
2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.
2020-ci ilin may ayında mərhum jurnalistin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. Kitabda Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb.