"Müəllimlərin işə qəbulu imtahanından sonra bir az vicdanı, şərəfi olan, sual satan, insanların taleyi ilə oynayanlar utanıb nəinki təkrar imtahan keçirməz, bu qədər insanın haqqına girib o imtahanı təşkil etməli deyil".
Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, ümumilikdə sual yaza bilməyənin imtahan keçirmək haqqı yoxdur:
"Məsələ 3 sual deyil. Orada kim araşdırıb ki, 3 sualdır, mən ortaya çıxardım. Ancaq mən göstərirəm ki, Azərbaycan dili və ədəbiyyatdan da kursun test bankından nə qədər sual var idi. Ümumilikdə sual yaza bilməyənin imtahan keçirmək haqqı yoxdur. Məqsəd qaralama kampaniyası keçirmək deyil, bu, səriştəsizliyin nəticəsidir. Məsələ odur ki, özlərini kompensasiya etmək üçün yenidən imtahan keçirək deyirlər. Elə şey olar? Siz əgər oğrusunuzsa, yarımçıq oğurluq olmur, siz tam oğrusunuz. Necə yəni 3 sual ümumi nəticəyə çox təsir göstərməyib?"
Ekspert qeyd edib ki, bu, sadəcə səriştəsizliyin bir nəticəsidir:
"İmtahanın nəticəsi tamamilə ləğv edilməlidir. Əgər 3 sual öz təsdiqini tapıbsa, demək, digərlərində də var. Bu əsas verir ki, bütün fənlər üzrə imtahanın nəticələri şübhə altına alına bilər. Deyirlər araşdırdıq, kim araşdırıb, insan öz-özünü araşdıra bilər? Hansı ekspert gəlib araşdırdı, əl çaldıqları, yoxsa özləri düzəltdikləri? Bu oğurluqdur, məsuliyyətsizlikdir, bunda cinayət tərkibi var və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir. Ümumilikdə MİQ imtahanının bütün nəticələrinin ləğvinin tərəfdarıyam, qəbul etmirəm. Heç bir imtahan şəffaflığından söhbət gedə bilməz”.
Kamran Əsədov deyib ki, həmin kursun sualları digər fənlərdə də istifadə olunub:
“Qərar ədalətli deyil. MİQ imtahanının nəticələrini etibarlı hesab etmək olmaz. Nəinki ikinci şans verilməlidir, bütün nəticələr ləğv edilməlidir. Çünki kimlərin yüksək bal topladıqları kurslarla bağlı siyahı var. Həmin suallara yüksək bal toplayanlar neçə dəqiqə vaxt ayırıblar, digər imtahan iştirakçıları neçə dəqiqə vaxt ayırıblar? Ona görə də hesab edirəm ki, bütün MİQ imtahanının nəticələri ləğv edilməli, imtahanın keçirilməsi müvafiq qurumdan alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Çünki özünün sualı olmayan bir qurum imtahan keçirə bilməz. Azərbaycanda şəffaf, obyektiv imtahan keçirmək ənənəsi DİM-dədir. Bu imtahanları yalnız DİM keçirərsə, etibarlı hesab etmək olar”.