Ölkəmizdə səfərdə olan Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusuf Kuşk və urdu dili və ədəbiyyatı üzrə professor Sofiya Kuşk AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.
Ədəbiyyat Muzeyindən bildirilib ki, qonaqları müşayiət edən Tomiris Babanlı görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə məlumat verib. O, “Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, “Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Pənahəli xana məxsus, üzərində Quran ayələri həkk edilmiş “Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və başqa qiymətli eksponatlarla qonaqları tanış edib.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli də öz təəssüratlarını bölüşərək vurğulayıb ki, muzey – yaddaş, tarix, mənəviyyat deməkdir. Bu muzey Azərbaycan xalqının mədəniyyət və ədəbiyyat yaddaşını yaşatmaqda və təbliğ etməkdədir.
Muzeyin qiymətli eksponatlarını – əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, miniatürləri, şair və yazıçılarımızın əsərləri əsasında çəkilmiş tablo və illüstrasiyaları izləyən qonaqlar sonda təəssüratlarını “Rəylər kitabı”na yazıblar. Professor Yusuf Kuşk qeyd edib ki, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həqiqətən hər mənada valehedicidir. Muzey ədəbiyyatın və ədiblərin Azərbaycanın qurulmasına necə töhfə verdiyini əks etdirir. Bu muzeyin ifadə tərzi bütün elm sahələri üçün heyrətamizdir. Ədəbiyyat bəşəriyyət üçün sülh və insanlar arasında bərabərlik üçün yeganə aparıcı sahədir”.
Qonaqlara Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynovun “Məhsəti Gəncəvi” oçerkinin urdu dilində nəşr edilmiş nüsxəsi və muzeyin ekspozisiya zallarından fotoları və məlumatları özündə əks etdirən “Söz məbədi” kitabçası hədiyyə edilib.