Logo

Qadınları nə üçün sevirik? – Mirçea Kartareskunun essesi

24.07.2022 13:36 418 baxış
IMG

Kulis.az Jalə İsmayılın tərcüməsində rumın yazıçı Mirçea Kartareskunun “Nə üçün qadınları sevirik?” yazısını təqdim edir.

Mirçea Kartaresku (Mircea Cărtărescu) 1956-cı il iyunun 1-də Buxarestdə anadan olub. Buxarest Universitetinin Rumın dili və ədəbiyyatı fakültəsini bitirib. Hazırda sözügedən universitetin Ədəbiyyat fakültəsinin müəllimidir. Şair, yazıçı, tənqidçi, esseist kimi məşhurdur. M.Kartaresku rumın postmodernizminin ən önəmli fiqurlarından hesab olunur. Yaradıcılığa şeirlə başlayıb. “Fənərlər, vitrinlər, fotolar” adlı ilk şeir kitabı 1980-ci ildə işıq üzü görüb. Esselərdən ibarət “Nə üçün qadınları sevirik” kitabı 2003-cü ildə nəşr olunub və böyük populyarlıq qazanıb. Yazar ingilis, alman, italyan, fransız, İsveç, ispan, portuqal, macar, ivrit, rus, türk, serb və digər dillərə çevrilib. Kitabları Rumıniya Akademiyası, Rumıniya Yazıçılar Birliyi və Moldova Yazıçılar Birliyinin, Mədəniyyət Nazirliyinin, Rumıniya Peşəkar Yazarlar Assosiasiyasının, Buxarest Yazarlar Assosiasiyasının, Rumıniya Naşirlər Assosiasiyasının mükafatlarına layiq görülüb. “Nostalgiya” romanı 2005-ci ildə İtaliyada “Giuseppe Acerbi” mükafatını alıb. Bundan başqa, Vilenika Ədəbiyyat Mükafatının (Sloveniya, 2011), „Haus der Kulturen der Welt” mükafatının (Almaniya, 2012), “Spycher: Literaturpreis Leuk” mükafatının (İsveçrə, 2013), Novı Sad Beynəlxalq Şeir Festivalının mükafatının (Serbiya, 2013), “Tormenta en un vaso” mükafatının (İspaniya, 2014), “Euskadi de Plata” mükafatının (İspaniya, 2014) sahibidir. 2014-cü il Nobel mükafatına namizəd olub.

Nə üçün qadınları sevirik?

Çünki onların üşüyəndə gilələri köynəyin altından baş qaldıran yumru döşləri var.

Çünki iri və yağlı ombaları var.

Çünki onların uşaqlara xas şirin üzləri var, çünki dolğun dodaqları, səliqəli dişləri və iyrənmədiyin dilləri var.

Çünki tər, yaxud pis tütün qoxumurlar və üst dodaqları tərləmir.

Çünki onlar yanlarından keçən bütün balaca uşaqlara gülümsəyirlər.

Çünki küçədə dümdüz, başlarını dik tutaraq, çiyinlərini geri atıb manyak baxışlara əhəmiyyət vermədən gedirlər.

Çünki zərif anatomiyalarının bütün zəifliklərinə rəğmən məğrur yaşayırlar.

Çünki yataqda pozğun olduqları üçün deyil, səni sevdiklərini göstərmək üçün cəsarətli və yaradıcıdırlar.

Çünki öyünmədən və heç bir minnətdarlıq gözləmədən bütün cansıxıcı və xırda-xuruş ev işlərini görürlər.

Çünki pornoqrafik jurnallar oxumur və pornosaytlarda gəzişmirlər.

Çünki çətin və anlaşılmaz rituallardan sonra paltar seçir, sonra da bütün bu çiçi-piçini geyinirlər.

Çünki ilhama gəlmiş bir rəssam dəqiqliyi ilə üzlərini çox diqqətlə boyayırlar.

Çünki onlar Cakomettinin[1] arıqlığına mübtəla olublar.

Çünki qadın başlanğıcına malikdirlər.

Çünki ayaq dırnaqlarını lak çəkirlər.

Çünki kimin udacağını düşünmədən şahmat, vist [2] və ya pinq-ponq [3]oynayırlar.

Çünki qırmızı işıqda dayandıqda qarşılarındakı zebradan keçənlərin onları heyranlıqla süzmələrini gözləyərək, konfet kimi bəzəkli maşınlarını ehtiyatla sürürlər.

Çünki onların problem həll etmək üsulları səni dəli edir. Çünki sənin beynini dağıdan problemlər haqqında onların öz fikirləri var.

Çünki sənə “səni sevirəm” deyərkən kompensasiya kimi daha az sevirlər.

Çünki masturbasiya etmirlər.

Çünki ara-sıra kiçik ağrıları olur: revmatizm ağrısı, qəbizlik, döyənək və birdən anlayırsan ki, qadınlar da insandır, sənin kimi insan.

Çünki bəzən çox zərif, kiçik müşahidələri və psixoloji nüansları qabardaraq yazırlar, bəzən də çılğın və əxlaqsız yazırlar ki, onları qadın ədəbiyyatına aid etməsinlər.

Çünki qeyri-adi oxucudurlar, çünki dünya poeziyasının və nəsrinin üçdə biri onlara yazılır.

Çünki Rolling-in “Angie”si [4] onları dəli edir.

Çünki Cohen [5] üçün ölürlər.

Çünki mətbəxdə tarakanlara qarşı amansız və anlaşılmaz mübarizə aparırlar.

Çünki ən tanınmış biznes-ledi belə güllü və krujevalı cəlbedici tuman geyinir.

Çünki balkonda qadınının qurumaq üçün sərilmiş sərt yaxud yumşaq materialdan qara, qırmızı, ağ rəngdə yaş tumanlarının olması çox qəribədir, örtmək üçün onların necə balaca yerləri var.

Çünki filmlərdə sevişmədən öncə heç vaxt duş almırlar, amma sadəcə filmlərdə.

Çünki heç vaxt başqa qadınların, yaxud başqa kişilərin gözəlliyi haqqında ortaq məxrəcə gəlmirlər.

Çünki həyatı ciddi qəbul edirlər, çünki reallığa ürəkdən inanırlar.

Çünki televiziya ulduzlarından kimin kimlə bərabər olması onları həqiqətən maraqlandırır.

Çünki hətta ən az baxılan filmlərdəki aktrisa və aktyorların adlarını xatırlayırlar.

Çünki heç bir hormon müalicəsi olmazsa, embrion yalnız qadının bətnində inkişaf edir.

Çünki trolleybusda gördükləri sevimli tipləri bişirmək barədə düşünmürlər.

Çünki Martini Orange, Cin Tonik yaxud Vanilli Kola kimi zir-zibil içirlər.

Çünki reklam xaric əllərini sənin dalına qoymurlar.

Çünki kişilər kimi təcavüz haqqında düşünmürlər.

Çünki sarışın, əsmər, qumral, şirin, ehtiraslı, çılğın, sevimlidirlər, çünki hər dəfə orqazm olurlar.

Çünki orqazm olmadıqda onu imitasiya etmirlər.

Çünki günün ən gözəl anı səhər qəhvəsidir, bir saat biskvit çeynəyir və günə gözəl başlayırlar.

Çünki qadındırlar, kişi deyillər, nə də başqa bir şey.

Çünki onlardan çıxıb onlara dönürük, çünki ağlımız ağırtaxta planet kimi təkrar-təkrar sadəcə onların ətrafında fırlanır.

[1]Alberto Cakometti (1901-1966), italyan əsilli İsveç heykəltaraşı, rəssam, qrafik. Yaratdığı heykəllər hədsiz incəliyi ilə seçilir.

[2]Kart oyunu

[3]Masaüstü tennis

[4]“The Rolling Stoun” qrupunun “Angie” mahnısı

[5]Leonard Cohen, kanadalı müğənni, yazıçı, şair; balladaları ilə məşhurdur.

"sim-sim.az"

Xəbər lenti