Logo

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

24.07.2022 19:10 395 baxış
IMG

Kulis.az məşhur italiyalı rejissor Federiko Fellininin həyatı haqqında maraqlı faktları təqdim edir.

Federiko Fellini 20 yanvar 1920-ci ildə İtaliyanın kurort şəhərlərindən biri hesab olunan Riminidə dünyaya gəlib. Onun atası Urbano Fellini ilə anası İda Barbiani 1918-ci ildə Romada ailə qurduqdan sonra Riminiyə köçməli olublar. Urbano kommivoyajyor işləyir. 1921-ci ildə Federikonun Rikardo adlı bir qardaşı, 1929-cu ildə isə Mariya Maddalena adlı bacısı doğulur.

Fellini hələ uşaqlıq illərindən iki şeyə nifrət edirdi. Bir səhərin erkən saatlarından qalxıb dini məktəbə yollamaq, bir də faşizimə. Rəsm çəkmək və kinoya olan sevgisi isə ömrünün sonuna qədər davam etdi...

Məktəbə olan nifrəti onu tez-tez məktəbdən qaçmağa məcbur edirdi. On yaşı olanda o, artıq tez-tez məktəbədəm yayınıb yolunu yaxınlıqdakı sirkdən salırdı. Zəhmətkeş valideynlərinin tək arzusu oğullarını həkim və vəkil görmək idi. Lakin, Federikonun tək istəyi rəsm çəkmək, insanları kədərləndirmədən onlara öz yuxularını, qorxularını anladaraq onların həyatlarına dəvət olunmamış qonaq kimi girməkdi. Sonralar özü bu arzusunu belə dilə gətirdi: “Mən bir yalançı olaraq doğulmuşdum. Yalanlarıma mənimlə birlikdə inanan insanlara sahib olmalıydım.”

Fellini məktəb və litsey illərinin xatirələrini “Amacord” filminə köçürtməyi bacardı.

Müsahibələrin birində uşaqlıq illəri ilə bağlı suala rejissor belə cavab verir:

“Əyalətdə ailəsinin yanında, faşizimlə birlikdə, məktəbdə, kilsədə, yayda kiçik alman qızlarla dəniz kənarında yaşayan bir uşağın o zamanlar nələr düşünəcəyini bilmək istəyirsiniz? Açığı düz əməlli xatirələrim olmadı. Olanları da filmlərimdə əks elətdirdim. Xatirələrimi tamaşaçıların ixtiyarına verdikdən sonra hamısını beynimdən silib təmizlədim. Artıq həqiqətən baş verənlərlə, uydurduqlarımı bir-birindən ayıra bilmirəm. O zamana aid olan xatirələrimin saxlandığı arxivi boşaltdım. Mənə icazə verin, sizə yenilərini uydurum...”

Fellininin gənclik illəri faşizmin ən dəhşətli vaxtlarına təsadüf etmişdi. Bir çox sahədə işləmək məcburiyyətində qaldı. Bir müddət polis, daha sonra qəzetdə müxbir və karikaturaçı kimi işləməli oldu. Hələ liseydə oxuyarkən yoldaşları ilə birlikdə uşaqlar və yeniyetmələr üçün qadağan olan “Mark Avreliy” qəzetini həvəslə oxuyurdu. Qəzet çox çətinliklə əldə olunduğundan onu almaq üçün hər dəfə məktəbdən uzaqda yerləşən stansiyaya getməli olurdu. Bir dəfə isə keşiş həmin qəzeti onlardan alaraq bütün məktəbin gözü qarşısında tikə-tikə edib havaya tullamışdı. Lakin, Fellini onda mətbuata və yazıya həvəs yaradan bu qəzeti və onun yazarlarını unuda bilmirdi. Bu səbəbdən günlərin bir günü redaksiyaya gedərək redaktor Torreslə tanış olur. Torres yazı makinasını onun qarşısına qoyub deyir: “Buyur, yaz. Nə bacardığını görək. Bax, hətta sənə yazmağın üçün başlıq da verirəm. Çiskinləyən yağış. Bir səhifə, dörd sətir yaz. Nə az, nə də ki, çox...” Fellini xatirələrində qeyd edir ki, həmin vaxtı yazı makinası onun gözündə canavara bənzəyirdi.

Qırx dəqiqəyə verilən yazını yazıb bitirən Fellini həmin vaxtdan sonra mətbuatda həm yazar, həm də karikaturaçı kimi fəaliyyətə başlayır.

1938-ci ildə universitetə daxil olur. Yazıları və çəkdiyi karikaturalar “420” yumor jurnalında və “Avventuros” jurnalında dərc olunur. İkinci dünya müharibəsi başlanan zaman hamı kimi Felliniyə də hərbi çağırış barədə sənət gəlir. Lakin, o, baş verən qırğınların, həlak olan günahsız insanların, körpələrin ölümündə iştirakçı olmaq istəmir. Həm dini məktəbdə, həm də liseydə onlara Mussolini diktaturası altında müharibənin şərəfli bir hadisə olduğunu aşılamışdılar. Lakin, buna baxmayaraq Fellini hər vəchlə müharibədən yayınmağa çalışır. Müxtəlif xəstəliklərlə buna nail olur. Ən sonda isə onu yoxlamağa gələn həkimlər onu üç günlük ruhi xəstəxanada müalicə almağa yollayırlar. Orada Fellinini müayinə edən alman həkim onun sağlam olduğunu və dərhal Yunanıstan istiqmətindəki müharibəyə göndərilməsi tapşırığını verir. Lakin, taleyin qəribə məqamları Fellini bu döyüşdən xilas edir. Alman həkiminin verdiyi qərardan bir az sonra xəstəxana yerləşən şəhər bombardman olunur. O, canın güclə xilas edib ordan qaçır və üç il müddətində müharibədən yayınmağa nail olur.

Bir müddət sonra o, radio tamaşaların ssenarisini yazmağa başladı. Bir gün isə yazdığı ssenariləri üzrə qurulan “Ciccio və Pallina” tamaşasını radiodan dinləyərkən bir səs eşidir. Bu səs onun sevib ailə quracağı qadına Cülyetta Mazinaya aid idi... 1943-cü ildə aktrisa ilə rejissor ailə həyatı qururlar.

Dolanışığı qaydasına salmaq üçün Federiko bir neçə dostu ilə birlikdə “Funny Face shop” adlı mağaza açırlar. Günlərin birində “Roma açıq şəhərdir” filminin ssenarisi üzərində işə başlayan gənc rejissor Roberto Rossellini həmin mağazada peyda olur. Federiko ilə Robertonun iş birliyi də həmin andan başlayır. Sercio Amido, Fellini və Rossellini birlikdə “Roma açıq şəhərdir” filminin ssenarisini yazmağa başlayırlar. Filmin gətirdiyi uğurdan sonra Rossellini ssenari yazmaq üçün yenidən Felliniyə müraciət edir. 1945-ci ildə Fellini Klaus Mannla birlikdə Rosellinin “müharibə trilogiya”sına aid olan ikinci filmi “Payza”nın ssenarisini yazır. Həmin filmin çəkilişlərində ssenarist kimi iştirak edən Fellininin qəlbində film çəkmək arzusu baş qaldırır. O, film təcrübəsinin də məhz “Payza”nın çəkiliş meydançasından və Rossellinidən öyrəndiyini sonralar vurğulamağı unutmur.

Beləliklə 1950-ci ildə Federiko Fellini Alberto Lattuda ilə birlikdə ilk filmi “Varyetenin işıqları”nı çəkir. Gənclərin həyatından bəhs edən və 1953-cü ildə ekranlaşdırılan “Ana uşaqları” Venesiya film festivalında “Gümüş Şir” mükafatına layiq görülür.

Film həyatı izah etməyin, tanrı ilə yarışmağın müqəddəs bir formasıdır deyən rejissor filmdəki əsas rollardan birinə Vittorio de Sikanın çəkilməsini çox istəyir. Bu səbəbdən də onunla görüşə gedir. Həyəcanlı şəkildə rolu izah etdikdən sonra de Sika ifa edəcəyi obrazın homoseksual istəkləri olduğunu sezir. Fellinidən xəbər alanda o, sezgilərinin doğru olduğunu bildirir və Vittorionun qəti şəkildə etiraz edəcəyini gözləyir. De Sika bir az fikirləşdikdən sonra deyir: "Filmin mövzusu insanlıq baxımından ağırlıq daşıyacaqsa, razıyam. Vəkilimlə görüşə bilərsiniz..."

Lakin sonradan məlum olamayan səbəbdən Vittorio de Sika həmin filmə çəkilmir. Rejissorun növbəti uğurlu ekran işi olan “Yol” filmi 1954-cü ildə ekrana çıxır. Növbəti il isə “Kabiriyanın gecələri” çəkilir. Böyük məhəbbət arzusunda ola fahişə qadının kədərli həyat hekayəsindən bəhs edən film 1958-ci ildə “Oskar” mükafatına layiq görülür. Aktrisa Cüliyetta Mazina isə Kaanda ən yaxşı aktrisa kimi mükafat qazanır.

Katolik kilsə rəhbərləri bu filmə qarşı protesto edirlər. Fellininin keşiş dostu ona Genuyaya gedib məşhur, baş kardinallığa namizəd olan kardinalla görüşməyi məsləhət görür. Və ondan xahiş edir ki, “Kabiriyanın gecələri” filminə baxır. Kardinal razılaşır. Filmin izlənəcəyi otağı Fellini əvvəlcədən qaydaya salır. Ora iri naxışıarı olan, taxtı xatırladan kreslo yerləşdirib ətrafına qırmızı üzlüklü, kənarları zər işləməli yastıqçalar qoyur. Kardinal şəxsi avtomobilində öz köməkçisi ilə gəlib filmə baxır. Film sona çatdıqdan sonra kardinal deyir: Yazıq Kabiriya. Onun üçün nə isə etməliyik.” Beləliklə kardinalın bir telefon zəngi ilə film senzuradan və dini qurumların protestosundan sıyrıla bilir.

Rejissor 1960-cı ildə yaradıcılığının zirvəsi hesab olunan “Şirin həyat” filmini ekranlaşdırır. Filmdə orta təbəqəyə məxsus bir ailədən çıxıb Romaya gələn və anidən özünü qlamur, intellektual insanların içərisində tapan insanın həyatından bəhs olunur. Müxbir kimi fəaliyyət göstərən Marçello həmin insanlarala birlikdə gündəlik həyatın parıltısı içərisində getdigcə tənhalığa yuvarlanır. Tənqidçilər bu filmi İtaliya cəmiyyətinin fəlsəfi pritçası adlandırırlar. Lakin, Fellini bu fikirlə razılaşmır: “Həyat sehrli anlardan ibarətdir. Həmin anı şirin şərab kimi içmək lazımdır”

Filmdə baş rolları Marçello Mastroyanni və Anita Ekberq ifa edib. Deylənə görə Marçello filmin ssenarisini Fellinidən xəbər alanda, Fellini ona səhifələri boş olan bir dəftər verir. Dəftərin cəmi bir səhifəsində dənizdə çılpaq halda üzən bir kişi və onun ətrafında olan bir neçə qadın karikaturası çəkilib. Bu əhvalatdan sonra Mastroyanni bir də heç vaxt rejissordan ssenari tələb etməyib.

Anita Ekberqlə tanışlığını isə rejissor öz xatirələrində belə qeyd edir: “Aradan otuz il keçsə də, “Şirin həyat” film haqda söz düşəndə ilk ağlıma gələn isim Anita Ekberq olur. Onu şəklini ilk dəfə Amerika jurnallarının birinin üz qabığında görmüşdüm. Güclü, sehrləyici dişi pələng təki pilləkanın sürahisində ata minmiş kimi əyləşmişdi. O zaman öz-özümə dedim “aman allah, nə olur olsun bizi qarşılaşdırma”. Lakin filmi çəkməyə başlayanda ilk ağlıma gələn qadın o, oldu. Onu dəvət etdim gəldi. Anitanın hər tərəfi işıq saçırdı. Hətta mən onu fosforlu qadın adlandırmışdım.”

Fellini yaradıcılığının ən önəmli filmlərindən biri hesab olunan “Səkkiz yarım” filmi 1963-cü ildə lentə alınır. Bu filmi bir qayda olaraq rejissorun özünəməxsus tövbəsi adlandırırlar. Fellini filmlərinin sayına görə (buna kimi o, altı tammetrajlı, iki qısa metrajlı və bir müştərək film çəkmişdi) bu ekran işini “Səkkiz yarım” adlandırmışdı. Filmin qəhrəmanı rejissordu. O, yeni film çəkməyə hazırlaşır. Film üçün lazım olan hər şey hazır olsa da, Qvido yaradıcılıq böhranı keçirir. Prodüsser ondan çəkilişə başlamağı tələb etsə də, o, heç cür başlaya bilmir. Həkimlər ona kurort şəhərinə gedib dincəlməyi məsləhət görürülər. Lakin, burada da insanlar və uşaqlıq xatirələri ona dinclik vermir. Fellini bu avtobioqrafik filmə öz daxili dünyasını gətirib. Rejissor şüur axını fəndindən istifadə edib.

“Səkkiz yarım” filminin prodüsseri Angelo Ritsoli filmi çəkmək üçün Felliniyə müraciət edəndən üç ay sonra rejissor bundan imtina edib. Hətta bu səbəbdən münasibətlərinin korlana biləcəyini də ehtiyatla vurğulayıb. Lakin, artıq müqavilə bağlanan müddətdən xeyli vaxt keçib. Aktyorların bir qismi seçilib, dekorasiyalar qurulub. Fellini çarəsiz halda filmin digər ssenaristləri ilə birgə ssenarini yazmağa başlayır. Filmin hərəm bölməsinə gəlib çatanda o, yazmağa ara verib aktyorlarla görüşməyi qərara alır. Mastroyanni, Sandro Milo və Anuk Eme ilə görüşür. Filmi çəkəcəyi sanatoriyadakı dekorları diqqətlə nəzərdən keçirir. Lakin, geri qayıdandan sonra ssenariyə davam edə bilmir. Ssenari ilə bağlı qurduğu bütün süjetləri unudur. Və elə o zaman onun ağlına dahiyanə fikir gəlir. Ssenarini yazmağa başladığı gündən filmin çəkilişinin sonuna qədər başına gələn əhvalatları, xatirələrini həmin filmdə canlandırmaq.

Filmi xüsusən, İsa Məsihin heykəlinin vertolyotla daşınması, striptiz səhnələrinə görə mənfi qarşılayan Vatikan ona yasaq qoymağı tələb etdi. Bir neçə ay müddətində “Şirin həyat” İtaliyada qadağan olundu.

Hətta premyera zamanı tamaşaçılardan biri Fellininin üzünə tüpürür, baş rolun ifaçısı Marçello Mastroyannini isə “əxlaqsız” adlandırırlar. Sonralar Kannda “Qızıl palma budağı” alan filmdən yasaq götürüldü, o, kinoda böyük epoxanın simvoluna çevrildi və çox rejissorun yaradıcılığına təsir elədi.

1973-cü ildə uşaqlı və məktəb illərindən bəhs edən “Amarkord” filmindən sonra rejissor daha yeddi film ekranıaşdırır.

Ömrünün son illəri rejissordan müsahibə alan müxbirin Sonrakı filminiz üçün danışacağınız nələrsə var? Sualına dahi rejissor belə cavab verir: Yaddaş uçub gedir. İnsanların adlarını, hətta bəzən sözləri xatırlamaq üçün xeyli əziyyət çəkirəm. Əvvəllər yaşlandığım zaman məni sədaqətlə gözləyən kitabları oxuyacağımı, heç vaxt görmədiyim muzeyləri gəzəcəyimi fikirləşirdim. İndi isə bu qədər ölü məzardan, çöküntü və yıxıntıların yaratdığı ağrılardan sonra geriyə nələr qalıb bilmirəm. Hər filmimdən sonra xüsusilə qadınlardan ibarət olan tamaşaçılar xəfif inciklik və ümidlə məndən soruşurdular: bəs niyə gözəl məhəbbət filmi çəkmirsiniz? Hə, bax, həmin tamaşaçıları məmnun etmək istəyərdim.

1993-cü ildə rejissor kino sənətin qazandırdığı töhvələrə görə “Oskar” mükafatına layiq görülür. Həmin il oktyabr ayının 30-da o, Mazina ilə birgə qızıl toylarını qeyd edəcəkdi. Lakin, oktyabrın 15 rejissor insult keçirir. Xəstəxanaya yerləşdirilsə də Fellini oktyabrın 31-də dümyasını dəyişir. Ondan bir il sonra isə arvadı Cülyetta Mazini həyata gözlərini yumur.

Hazırladı: Samirə Əşrəf

Xəbər lenti