Bir sıra ərazilərimiz işğaldan azad edildi…
Murov dağı yüksəkliyi düşmən tapdağından geri alındı…
Madagiz düşməndən azad edildi…
Azərbaycan Ordusu daha bir neçə kəndi erməni işğalından azad etdi…
Cəbrayıl şəhəri...
Daha bir neçə kənd...
Beləcə də qələbə xəbərləri davam edir...
Bunlar son günlər ərzində hörmətli Hikmət Haciyevin dediyi Vətən Müharibəmizin şahidi olduğumuz tarixi fraqmentləridir. 30 ilə yaxındır ki, çəkilən Vətən həsrətinə son qoyulmaqdadır. Ayrılığı qədər qovuşmağı da adamı həyəcanlandırır. Ən azından ətrafımdakı məcburi köçkün yaxınlarımın, dostlarımın keçirdiyi hissləri, yaşadıqları həyat eşqi bunu deməyə əsas verir.
Əslində, bizim Vətən Müharibəmizin başlanğıcında hər kəsin beynində dövlət, xalq və ordu birliyinin lazımı səviyyədə olub-olmadığına dair suallar dolaşırdı. Bu gün dövlətimizə, xalqımıza və ordumuza nəzər salsaq, tam əminliklə deyə bilərik ki, biz bütöv Azərbaycan adına yenidən tarix yazırıq.
Bu tarixin əsasını bütün dünya ölkələrinə təqdim etdiyimiz həmrəylik nümunəsi tutursa, o tarixdə qızıl hərflərlə yazılacaq ad da Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin adıdır. Bu gün hər kəs siyasi və cəmiyyətdəki mövqeyindən, eləcə də əqidəsindən asılı olmayaraq Ali Baş Komandana müxtəlif formada təşəkkür etmək istəyir, onun yanında olduğunu və onun qərarlarındakı qətiyyətə görə, millətə yenidən yaşam eşqi bəxş etdiyinə görə minnətdar olmaq istəyir.
Bir zamanlar təsəvvür etdiklərimiz, xəyal zənn etdiklərimiz, arzularımız bu gün reallığa çevrilməkdədir. Siyasi baxışından və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, bütün azərbaycanlılar bu gün bir amal ətrafında sıx birləşib. Məhz insanların bir amal ətrafında sıx birləşməsinə, vəhdət, birlik nümayiş etdirməsinə Ali Baş Komandanın döyüş əmrinin verməsi səbəb olub. Bununla da, bütün xalqımız da öz növbəsində elə məhz Prezident İlham Əliyevin öz ətrafında cəmləşdi.
Bu gün Azərbaycan xalqı həm ölkədə, həm də ölkənin hüdudlarından kənarda bir yumruq kimi birləşərək dövlətinin yanındadır. Son qələbələr bir daha sübut elədi ki, biz xalq olaraq həmrəy ola bilirik. Dünyaya isə Azərbaycan xalqı düzgünlük, mərdlik və Vətən sevgisi dərsi keçir.
Bütün bunlara görə təşəkkürlər, cənab Ali Baş Komandan, həm tarixi qələbələrə görə, həm də bu milləti özünə qaytardığınıza görə!
Təbii ki, xalqın qələbə hissini yaşaması üçün özünə inamı çox mühüm faktordur. Özünə inam insanda əlavə olaraq güvən hissi olduqda daha möhtəşəm olur. İnsanın duruşu və davranışı ilə bərabər fikirləri də o zaman tam fərqli olur. Güvən olmasa özünə inam yarandığı kimi də tez bir zamanda bir gün sönəcək.
Cənab Ali Baş Komandanın son çıxışları - istər Azərbaycan xalqına müraciətində, istərsə də digər xarici telekanallara müsahibəsində səsləndirdiyi fikirlər xalqımız üçün güvən idi. Uşaqdan böyüyə hər kəs üçün. İndi son qələbələrdən sonra xalqın həm özünə inamı, həm də böyük güvəni var! Bu inam və güvənlə də uşaqdan böyüyə hər kəs cənab Ali Baş Komandan ətrafında sıx birləşib.
İndi düşünək: Bu möhtəşəm inam, yenilməz güvən hissi və nümunəvi həmrəylik ilə bugün bütöv olan bizə - azərbaycanlılara hansı güc təsir edə bilər?! Kim bizə dur deyə bilər?! Heç kim!
Bu bütövlüyü təşkil edən birliyə eşq olsun!
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru