Kulis.az Rəvan Cavidin “Qara” yazısını təqdim edir.
Bakının mərkəzində – “Sahil bağı”nda (Köhnə “26lar”) məktəbli uşaqlar yüksək səslə mahnı qoyub oynayırlar. Əgər kar olsaydım, bu mənzərə məni narahat eləməzdi. Bir qrup gənc istirahət edir, oynayır, pozitiv atmosfer yaradır. Burda nə var ki? Əksinə, bomboz Bakını belə görmək adamın ürəyini açır. Di gəl ki..
Di gəl ki, kar deyiləm və o uşaqların hansı mahnıya qulaq asdıqlarını, nə ilə, kim ilə fəxr etdiklərini yaxşı eşidirəm. Kriminal aləm, oğru dünyası, qara pencək, qara köynək, təsbeh, “vorzakon” və sair.
Dəfələrlə bu barədə yazılar yazılıb, mənfiləri, mənfiləri, yenə mənfiləri çatdırılıb. Amma həmin uşaqlar saytları, qəzetləri, kitabları oxumadığı üçün özlərinin hansı travmalar yaşadığını başa düşə bilmirlər. Və əminəm ki, bu uşaqların gəncliyi də, gələcəyi də bu cür axmaq mahnıların təsiri altında keçəcək.
Təhsilin bərbad, başdansovdu olduğu bir ölkədə bu uşaqları hansı yolla qandırasan, onu da bilmirsən.
Bir cəmiyyətin yeniyetmələri özünü hansısa oğruya, cinayətkara, qumarbaza tay tutursa, beş nəfər alim adı bilmirsə, iki cümləni yan-yana qoyub danışa bilmirsə, bunun birinci günahkarı təhsil və onu tədris edənlərin yeni dövrlə ayaqlaşa bilməməsidir.
Kif basmış sarı kağızların arasında eşələnən müəllimlər ağır-ağır nəfəs alıb-verdikcə bu uşaqlar “Tik-tok”da yarım dəqiqəyə oğru aləminin də, türmənin də havasını alır. Ciyərdən üzüyuxarı vuran adrenalin də deyir ki, dur makasin geyin çıx çölə, başla ona-buna söz atmağa. Dünyanın hər yerində belə mədəniyyətsiz, səviyyəsiz gənclər var. Amma bizim işimiz özümüzü qurtarmaqdı deyə hər gün havaya güllə atanlar kimi belə yazılar yazırıq. Onlar da başqa bir parkda lotu filankəsin, oğru behmənkəsin həyat və yaradıcılığını öyrənirlər. Niyə?
Bir cəmiyyət, bir toplum niyə cinayətkar yetişdirməyə bu qədər maraqlıdır?
“Yaxşı oğlan” olmaq istəyən bu körpə balaların beynini yuyan mahnıların müəllifləri niyə gələcəyi görə bilmir?
Məhz bu cür mahnılara, eyni mövzuda yazılmış kitablara, çəkilən filmlərə görə senzuranın nə qədər gərəkli olduğunu fikirləşirəm. Sənətin azadlığı əgər bizim övladlarımızın gələcəyini həbsxanaya salırsa, buna niyə də mane olunmasın?
Və sizə çox konkret bir müşahidəni deyirəm. Ayağında “Makasin” ayaqqabı olan, saçları gözünə tökülən, butalı köynək geyinən gənclərin 95 faizi (yerdə qalan 5 faizi də zövqsüzdü) beyinsiz fırlanırlar. Bu adamların bütün orqanları işlək vəziyyətdədi, bircə beyindən başqa. Dümdüz, qırışsız bir beyinə sahib həmin gənclər ancaq “zırlanmaq”, kimisə səhv çıxarmaq istəyirlər. Guya bunlar dünyaya haqq-ədalət paylayacaqlar.
İki gəncin qucaqlaşmasına dözə bilməyib onlara hədə qorxu gələn polislər niyə bu mənzərəni görmür? Niyə mahnıları eşitmir? Cinayətlə mübarizə aparan bir qurum cinayəti təbliğ edən bu musiqilərlə niyə mübarizə aparmır? Küçədə klassik musiqilər ifa edib küçə sənətini təbliğ edən istedadlı, zövqlü gənclərimizi bezar edən polislərimiz niyə belə mahnıların yüksək səslə oxudulmasına icazə verir?
Nə qədər sual var. Di gəl, on beş ildi cavab tapmaq olmur.
Bu gəncləri görməzdən gəlmək gələcəyimizə xəyanətdən başqa bir şey deyil. İndi onları ortastatistik 21-ci əsrin adamı eləmək üçün yollar axtarmalıyıq. Onların aludə olduğu sosial şəbəkələr üzərindən daha yaxşı yetişməkləri üçün mübarizə aparmaqdan başqa çarə yoxdur.