Logo

Direktor məktəbli qızı döyüb? - Nazirlikdən AÇIQLAMA

26.07.2022 23:26 666 baxış
IMG

Valideyn Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir. 

Bu barədə Oxu.Az-ın redaksiyasına orada təhsil alan şagirdin atası İlqar Məmmədov müraciət edib.

Bildirilib ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı həmin məktəbin direktoru Atayeva Çinarə Lazım qızı tərəfindən döyülüb:

“İşgəncə verilib və şagirdə müxtəlif bədən xəsarətləri yetirilib. Şagirdin döyülməsi, bədən xəsarətləri yetirilməsi barədə tibbi ekspertiza rəyi və baş sübutedici səs yazısı olduğuna baxmayaraq, şagirdin döyülmə hadisəsi Abşeron Rayon Polis İdarəsi və Abşeron Rayon Prokurorluğu tərəfindən gizlədilərək tədbir görülmür”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayında vətəndaş İlqar Məmmədov “102” Zəng Mərkəzinə müraciət edərək övladının məktəbdə direktor tərəfindən döyüldüyü barədə məlumat verib:

“İstintaq zamanı fakt öz təsdiqini tapmayıb. Hadisə zamanı məktəbdə olan müəllimlər və şagirdin sinif yoldaşları dindiriliblər və döyülmə faktı müəyyən olunmayıb. Şagird məktəbə məktəbli formasında gəlmədiyi üçün direktor ona irad tutub.

Eyni zamanda, şagirdin telefonu valideyninə təqdim edilməsi üçün onun əlindən alınıb. Direktor dəfələrlə telefonu valideynlərə təqdim etmək istəsə də, valideynlər telefonun sındırıldığını iddia edərək bundan imtina ediblər. Araşdırma zamanı telefonun işlək vəziyyətdə olması da müəyyən edilib”.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, hələ ki məsələ barədə açıqlama olmayacaq.

Xəbər lenti