Təhsil naziri Emin Əmrullayev tələbələrin köçürülməsi zamanı bəzi universitetlər tərəfindən akademik transkriptlərin verilməsində çətinlik yaradılması məsələsinə münasibət bildirib.
"Tehsil.biz"in sualını cavablandıran nazir bildirib ki, hər insan öz işini düzgün yerinə yetirməlidir.
Təhsil nazirinin sözlərinə görə, ali təhsil müəssisələrində çalışanların işi tələbə transkriptini istəyəndə verməkdir:
"Əgər tələbə bununla bağlı vaxtında müraciət edibsə, tələbənin müvafiq sənədi verilməlidir. Ayrı-ayrı təhsil müəssisələrindən bizə də bu tipli şikayətlər daxil olur və biz bununla bağlı müvafiq qaydada həmkarlarımıza, tabeliyimizdə olan təhsil müəssisələrinə bildiririk ki, transkriptlər verilsin. Düşünmürəm ki, burada hansısa bürokratik əngəl ola bilər, amma bu gün bu, qadağan deyil. Belə olan halda kimin haqlı, kimin haqsız olmasını bilmək zaman məsələsidir".
Emin Əmrullayevin sözlərinə görə, burada sadəcə olaraq prosedurların olmaması ali təhsil müəssisələrinin nöqsanıdır:
"Eyni zamanda vətəndaşların səbrsiz olması məsələsi də var. Bəzi adamlar var ki, məsələn, bu gün problem barədə müraciət edib sabah həllini istəyir, ancaq problemin həllinə beş gün lazımdır. Eyni gündə dəfələrlə zəng edib eyni müraciəti bildirənlər də var ki, nəticə olaraq eyni cavabı alırlar. Məncə, bu ciddi problem olmamalıdır. Ayrı-ayrı fərdlərin belə problemləri varsa, Təhsil Nazirliyinin çağrı mərkəzinə müraciət etsinlər. Biz çalışarıq ki, bununla əlaqədar qaynar xətt də yaradılsın və səy göstərək ki, məsələ öz həllini daha tez tapsın".