Logo

Qələmini süngüyə çevirən jurnalist- baş leytenant: “...Cibində vəsiyyətini yazdığı kağız var idi”

23.01.2021 13:42 154 baxış
IMG

“Xəstə övladımı iş yoldaşlarıma, o cümlədən baş redaktorumuza, onun müavini İxtiyar Hüseynliyə tapşırıb cəbhəyə yollandım”

 

“Rusiyadan gəlib savaşa könüllü qatılan əsgərim də var idi. Görünür, Vətən sevgisi belə hissdir. Gör, vətən nə oğullar yetişdiribmiş...”

 

“Azərbaycan!” nidaları bir az aralıdan- Qafan ərazisindən də gəlirdi”

 

“Fikrimcə, Allah bu gördüklərimi yazım deyə, şəhadətə qovuşmağıma icazə vermədi”

 

İkinci Qarabağ müharibəsi dövründə qələləmini süngüyə çevirənlər də az deyildi. Söhbət jurnalistlərimizdən gedir. Onlar Vətənin bircə çağırışı ilə çantalarını çiyinlərinə atıb cəbhəyə yollandılar.

 

Aralarında çağırışçı da var idi, könüllü də. Cavan da var idi, orta yaşlı da.

 

Növbəti müsahibimiz “Azərbaycan” qəzetinin əməkdaşı, baş leytenant Rəşad Baxşəliyevin dediyi kimi, istisnasız olaraq onların hər biri qəhrəman idi.

 

Rəşad bəy 1978-ci ildə anadan olub. BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra ordu sıralarına yollanıb. Və 2001-2003-cü illərdə leytenant rütbəsində, taqım komandiri vəzifəsində vətənə borcunu yetirib. 17 il sonra isə o, yenidən əlinə silah aldı, hərbi mundir geyindi. Gəlin, daha ətraflı qəhrəmanımızın öz dilindən oxuyaq:

 

“İyul ayındakı Tovuz hadisələrindən sonra müvafiq hərbi komissarlığa müraciət etdim və könüllü olaraq savaşa qatılmaq istədiyimi bildirdim. Oktyabrın əvvəlində zəng gəldi. O vaxt Ağdamın Quzanlı kəndində idim. Reportaj hazırlayırdım. Raket zərbələrinin, güllələrin altında telefonla danışırdım. Səs-küylə maraqlandılar. Vəziyyəti izah etdim. Dedilər ki, jurnalistlər onsuz da həmişə ön cəbhədə olublar. Beləliklə, ezamiyyətdən qayıtdıqdan sonra iş yoldaşlarımla sağollaşdım. Baş redaktorumuz, Milli Məclisin deputatı, Birinci Qarabağ müharibəsinin veteranı Bəxtiyar Sadıqov mənə öz tövsiyələrini verdi. Bloknot hədiyyə edib, söylədi: “Rəşad, mən məğlubiyyət tariximizi yazmalı oldum, inanıram, sən sağ-salamat qayıdacaq və zəfər salnaməmizi yazacaqsan. Ona görə də imkan tapdıqca bloknotda qeydlər et. Onlar həyati əhəmiyyəti materiallar olacaq”. İş elə gətirdi ki, mülki həyatdakı son günümdə qızımda xəstəlik aşkarlandı. Onu bir gündə dörd xəstəxanaya apardım. Sən demə, böyrək çatışmazlığı var imiş. Fəqət qala bilmədim. Vətən sevgisi üstün gəldi. Məni “fərari” adlandıracaqlarından qorxurdum. Nəticədə övladımı iş yoldaşlarıma, o cümlədən baş redaktorumuza, onun müavini İxtiyar Hüseynliyə tapşırıb cəbhəyə yollandım. Sağ olsunlar, iş yoldaşlarım mənə qardaş kimi davrandılar, “Gözün arxada qalmasın” dedilər.

 

Jurnalistin fikrincə, müharibədə döyüşləri bir-birilərindən fərqləndirmək olmaz:

 

“Məni əvvəl Ağcabədiyə apardılar. Orada ayrı-ayrı hərbi hissələrə bölündük. Çox qəribə bir hadisə oldu. Vaxtı ilə xidmət etdiyim hərbi hissənin zabitləri taqım komandiri kimi məni seçdilər. Bunu yolda- onlardan hara getdiyimizi soruşanda bildim. Çoxları, o cümlədən dostlarımız məni qəhrəman kimi qiymətləndirirlər. Axı biz vətənlərini övladlarına dəyişməyənlər barədə ancaq bədii ədəbiyyatdan oxumuşuq. Amma orda olanda bildim ki, hər kəsin taleyi belə imiş. Komandiri olduğum şəxsi heyətdəki 27 əsgərin hər birinin bir gözü arxada idi- kimi xəstə valideynini, kimi övladını qoyub gəlmişdi. Hətta Rusiyada hər cür şəraiti olduğu halda, savaşa könüllü qatılan əsgərim də var idi. Görünür, Vətən sevgisi belə hissdir. Gör, vətən nə oğullar yetişdiribmiş...”.

 

O,  döyüş yolundan da danışıb:

 

“Biz Qubadlının sol cinahı istiqamətində irəliləyirdik. Tapşırığımız irəlidə gedən xüsusi təyinatlı qüvvələrdən canını qurtaran, gizlənən erməniləri neytrallaşdırmaq idi. Düşmən hərbçiləri Ermənistanla sərhəddə idilər. Biz onları ya tamamilə ərazimizdən çıxarmalı, ya da məhv etməli idik. Çox ağır döyüşlərdə iştirak etdik, şəhidlər verdik. Yaralılar oldu. Amma döyüş tapşırığını uğurla yerinə yetirdik. Vətən sevgisi, əsgərlərin əzmkarlığı hər şeydən üstün oldu, bütün çətinliklərə qalib gəldi. Hər kəs bir nəfər kimi irəli gedirdi. Yüksəklikdən-yüksəkliyə  keçdikcə daha çox ruhlanırdıq. Biz ən yüksək təpəliklərin birində- Qubadlı dağlarında idik. Bu dağlar çox çətin relyefə malikdir. Lakin aşağıdakı əsgərlərimiz bizə hər gün təminat gətirir, ac, susuz qalmağımıza imkan vermirdilər. Onları görən kimi bağrıma basırdım. İnanın,  heç də bizdən az yorulmurdular. Noyabrın 10-nadək burada qaldıq. Sonra isə yüksəkliyi başqa bir hərbi hissəyə təhvil verib, istiqamətimizi dəyişdik”.

 

R.Baxşəliyev qələbə xəbəri gələn an yaşadıqlarını belə xatırlayır:

 

“Noyabrın 8-i xəbər gəldi ki, ciddi döyüşlər başlayacaq. Hamımız sipər almalı idik. Hətta bir-birimizlə vidalaşdıq, halallaşdıq. Hər kəsin cibində vəsiyyətini yazdığı bir kağız parçası var idi. Gecə saatlarında biz atışma gözləyərkən havaya qırmızı işartılı güllələr atıldı. Hamımız təəccüblə bir-birimizə baxdıq. Axı bunu kim edə bilərdi?!

 

Belə bir hərəkət briqadanın yerini düşmənə bildirmək deməkdir. Bir az keçəndən sonra yenə güllələr atıldı. Bu dəfə daha intensiv. Ardınca hərbi-feldşerimiz Emin Zeynalovun azan səsi gəldi. Düzdür, yaxşı avazı olduğunu bilirdik. Lakin heç vaxt ondan belə azan eşitməmişdik. Səsi dağlarda əks-səda verdikcə ruhumuz sakitləşirdi.

 

Sonradan məlum oldu: sən demə, düşmən təslim olubmuş və Prezident, Ali Baş komandan İlham Əliyev Ermənistanın kapitulyasiyası barədə xalqa çıxışında məlumat veribmiş. Çox sevindik. Əsgərlər “Azərbaycan!”, “Azərbaycan!” deyə qışqırırdılar. Düzü, narahat idik, onları sakitləşdirməyə çalışırdıq. Çünki ermənilər səs eşidib, təxribat törədə bilərdilər.

 

Amma qəribə olan bilirsiz nədir? “Azərbaycan!” nidaları bir az aralıdan- Qafan ərazisindən də gəlirdi. Hərbi-siyasi hakimiyyətin məcburiyyəti ilə əllərinə silah alan erməni gəncləri bizdən çox sevinirdilər. Yanvarın 2-də Baş leytanant kimi tərxis olundum. Dövlət başçısının müvafiq Fərmanı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildim.

 

Fikrimcə, Allah bu gördüklərimi yazım deyə, şəhadətə qovuşmağıma icazə vermədi. Ancaq hər an Vətənimi müdafiə etməyə hazıram. Bu, bizim müqəddəs, əbədi və dəyişməz borcumuzdur”.

Xəbər lenti