“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 1281 nəfər Azərbaycan vətəndaşı müraciət edib.
Tehsil.biz xəbər verir ki, ən çox qəbul sənədi təqdim edilən ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Almaniya Federativ Respublikası, Kanada, İtaliya Respublikası yer alır. Hazırda proqrama müraciət edən namizədlər üçün müsahibə mərhələsi davam etməkdədir.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi 15 iyul 2022-ci il olub.
Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən az 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.